İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi “HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyəni Tehranda qətlə yetirən işğalçı terrorçuları alçaq hərəkətlərinə görə peşman edəcək”.
Sitat.info xəbər verir ki, Pezeşkian, X sosial media hesabından verdiyi açıqlamada "İranın Qüds şəhidi İsmayıl Haniyənin vəfatı üçün yas tutduğunu" deyib.
Andiçmə mərasimində görüşdüyü Haniyəni "Fələstin müqavimət hərəkatının cəsur yolçusu" adlandıran Pezeşkian deyib ki, iki şərəfli xalq olan İran və Fələstin arasındakı bağ əvvəlkindən daha güclü olacaq: "Müqavimət göstərən məzlumlar hər zamankindən daha güclü müdafiə olunacaq”.
Pezeşkian hücumun İranın ərazi bütövlüyünü də hədəf aldığını bildirib: "İran öz ərazi bütövlüyü, ləyaqət və şərəfini müdafiə edəcək və işğalçı terrorçuları alçaq hərəkətlərindən peşman edəcək .
Pezeşkian açıqlamasının sonunda Qurani-Kərimdən sitat gətirib: “Şübhəsiz ki, Allah yenilməz qüvvət sahibi və intiqam alandır”.
Qeyd edək ki, Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub.
İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi açıqlamada Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.
İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.
Nərgiz,
Sitat.info