Fələstin tərəfdarları Harrisi baykot etdi: "Soyqırıma səs verməyəcəyik"

17:18 8 Avqust 2024

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harris seçki kampaniyası keçirən zaman  Fələstini dəstəkləyənlər öz şüarları ilə onun çıxışını dəfələrlə yarıda kəsiblər. 

Sitat.info-nun “The Hill” qəzetinə istinadən məlumatına görə, Harrisin Miçiqan ştatının Detroit şəhərində keçirilən seçki mitinqində çıxışı zamanı İsrailin Qəzzaya hücumlarına etiraz edən nümayişçilər şüarlar səsləndirməyə başlayıblar.

Nümayişçilər "Kamala, Kamala, gizlənə bilməzsən. Biz soyqırıma səs verməyəcəyik" şüarları səsləndirib. Harrisin tərəfdarları da öz namizədlərinin adını qışqıraraq Fələstin tərəfdarlarına cavab veriblər.

Çıxışı yarımçıq qalan Harris, "Demokratiyaya inandığımız üçün buradayıq. Hər kəsin səsi önəmlidir, amma indi danışıram" - deyib. 

Harris çıxışına davam edərkən onun sözləri yenidən şüarlarla kəsilib. "Əgər Donald Trampın qalib gəlməsini istəyirsinizsə, bunu deyin. Əks halda mən danışıram" - deyə Harris etirazçılara cavab verib. 

Harris iyul ayında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra verdiyi açıqlamada İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu və ABŞ-ın bu mövzuda İsrailə hər cür dəstəyi davam etdirəcəyini vurğulamışdı. 

Nigar,

Sitat.info



Xəbər xətti