Hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısında deputatlığa namizəd olan Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabinetindəki fəaliyyətinə son qoyub.
O, seçkiqabağı təşviqat kampaniyasının başlaması ilə əlaqədar olaraq bir neçə gün əvvəl məzuniyyətə çıxıb.
71 yaşlı məmurun bu gündən namizədliyini irəli sürdüyü 25 saylı Nizami ikinci seçki dairəsində təbliğat kampaniyasına başladığı bildirilir.
“Yeni Sabah” bununla bağlı maraqlı məlumatlar əldə edib. 2020-ci ildən bəri Əli Əhmədovun tabeliyində çalışan şəxslərdən biri bizimlə söhbət zamanı qocaman siyasətçinin ötən gün iş yoldaşları ilə vidalaşdığını bildirib. Onun sözlərinə görə, Əli Əhmədov Baş nazir Əli Əsədov da daxil olmaqla, son bir neçə ildə bərabər çalışdığı hökumət üzvlərinin hamısı ilə sağollaşaraq Nazirlər Kabinetinin binasını tərk edib.
Mənbə deyib ki, Əli Əhmədov gedərkən şəxsi əşyalarını götürməyi də unutmayıb.
Qeyd edək ki, 71 yaşlı Əli Əhmədov “Köhnə qvardiya”nın ən nüfuzlu üzvlərindən biri sayılır. O, uzun illər hakim partiyada ikinci postu tutub. 22 oktyabr 2013-cü ildən bu günə kimi Baş nazirin müavini vəzifəsində çalışıb.
Əli Əhmədovun YAP-ın Milli Məclisdəki deputat fraksiyasına rəhbərlik edəcəyi bildirilir.
O, Milli Məclis sədrinin birinci müavini postuna ən real namizəd sayılır.