İsrail ordusunun Qəzza zolağına hücumlarının 312-ci günündə ən azı 21 mülki vətəndaş həyatını itirib.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail ordusu gecə boyu Qəzza zolağının müxtəlif hissələrini bombalayıb.
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində bir evi bombalaması nəticəsində azı 4 mülki vətəndaşın, Xan Yunisin şərqində, Beni Süheyla qəsəbəsində isə snayperlərin açdığı atəş nəticəsində 2 mülki şəxsin həlak olduğu bildirilib.
Xəbərə görə, Qəzzanın cənubundakı Rəfah şəhərinin Tel Sultan məhəlləsinə edilən hücumlarda ən azı 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsini bombalayıb. Hava hücumundan sonra dağıntılara çevrilən evdə 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Qəzzanın mərkəzi hissəsindəki Megazi Qaçqınlar Düşərgəsindəki bir evə edilən hava hücumunda 3 fələstinlinin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib.
İsrail ordusu Qəzzanın şimalındakı Sabra və Zeytun məhəllələrini də artilleriya atəşi ilə hədəfə alıb. Xəstəxanadan verilən məlumata görə, İsrailin hücumlarında həyatını itirənlərin çoxu uşaqlar və qadınlardır.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 39 min 929 fələstinli həyatını itirib, 92 min 240 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Məğrur,
Sitat.info