Bərdədə qızdırmaya görə iynə vurulan 4 yaşlı uşaq ölüb.
Sitat.info xəbər verir ki, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğlu xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Bərdə rayon Mərkəzi xəstəxanasının həkimi Rəsmiyyə Şərifova deyib ki, 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğlu rayon mərkəzi xəstəxanasının acil şöbəsinə gətirilib, atası uşağın hərarətinin olduğun bildirib: “Biz uşağın hərarətini ölçdük, hərarət 36.6 oldu. Yəni hərarət izlənmədi. Valideyn bildirdi ki, uşağa hərarəti aşağı salmaq üçün dərman içiriblər. Sonra mənə bildirdi ki, uşaqda iki dəfə qusma və ishal olub. Mən valideynə dedim ki, uşağa stasionar şəraitdə yardım olunmalıdır. Valideyn razılaşdı. Təyinat verib, stasionara göndərdik. Sonra maraqlananda oradan bildirdilər ki, xəstə bura gəlməyib. Onlar təyinatı götürüb uşağı evə aparmışdılar. Yəqin ki, yenidən uşağın qızdırması qalxıb və evdə sistem qoyulub. Sonra isə yenidən aqonal vəziyyətdə azyaşlı acil şöbəsinə gətirilib. Bu vəziyyətdə isə edilən tibbi müdaxilə onu xilas edə bilmədi".
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır./APA