"Amerika administrasiyası hələ də İranın İsrailə mümkün hücumundan əl çəkmədiyinə inanır".
Sitat.info xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Bizdə olan məlumatlar onu göstərir ki, İran İsrailə qarşı hansısa hücuma başlamaq təhdidindən əl çəkməyib”, - deyə o, CNN telekanalında bildirib.
Kirbinin sözlərinə görə, Yəmənin şimalında hakim olan şiə Hizbullah hərəkatı və Ənsar Allah hərəkatı (Husilər) mümkün hücumda iştirak edə bilər.
"Beləliklə, onların nəsə edəcəyini güman edirik və bu, yaxın günlərdə, demək olar ki, istənilən vaxt baş verə bilər",- deyə o əlavə edib.
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh verməyib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud daha sonra HƏMAS siyasi bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli olmadığını bildirib.
İyulun 31-i axşam saatlarında Amerikanın “New York Times” qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali dini lideri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Həniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır. /Musavat.com