Şəhidin iki övladı eyni universitetə daxil oldu: "Atamızın ən böyük arzusu idi..."

17:42 23 Avqust 2024

Məlumatda diqqətçəkən məqam şəhid baş gizir Ramil Yusifovun hər iki övladının Türkiyədə eyni universitetə qəbul olmasıdır.

Sitat.info xəbər verir ki, Oxu.Az-ın əməkdaşı şəhid xanımının və övladlarının təəssüratlarını öyrənib.

Şəhid xanımı Zeynəb Yusifova bildirib ki, sevincinin həddi-hüdudu yoxdur:

"Hər ikisinin xəbəri mənim üçün möhtəşəm oldu. Amma övladlarımdan birinin atasının arzusunu yerinə yetirməsi mənim üçün əvəzolunmazdır. Həyat yoldaşım övladımız Camalın idmançı olmağını istəyirdi, onu kikboksinq idman növünə yazdırmışdı. Ümumən hər ikisinin ali təhsil almasını ürəkdən istəyirdi. Övladlarım eyni universitetdə fərqli fakültələrə qəbul oldular, biri qeyd etdiyim idman növü, digəri isə gömrük üzrə təhsil alacaq".

Şəhidimizin birinci övladı Ramiz Yusifov saytımıza açıqlamasında sevincini bölüşüb:

"Mənim 20 yaşım var, "Bayburt" Universitetinin Gömrük İdarəçiliyi fakültəsinə daxil oldum. Dövlət işində çalışmaq ən böyük arzularımdan biri idi. Atam ilə fəxr edirəm, onun kimi dövlətimizə xidmət etmək istəyirəm".

Ramil Yusifovun ikinci övladı Camal Yusifov atasının arzusunu yerinə yetirdiyi üçün çox sevincli olduğunu dilə gətirib:

"17 yaşım var, "Bayburt" Universitetinin Bədən Tərbiyəsi fakültəsinə daxil oldum. Həm mənim, həm də atamın arzusu o idi ki, idman üzrə təhsil alım və bayrağımızı başqa ölkələrdə dalğalandırım. Atamı şad etdiyimi düşünürəm. İki il kikboksinqlə məşğul olmuşam".



Xəbər xətti