Ötən gün faciəvi şəkildə vəfat edən tarixçi-professor Nəsiman Yaqublu dəfn edilib.
Sitat.info xəbər verir ki, mərhum Zabrat qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində çoxsaylı elm adamları, siyasətçilər, mərhumun çalışdığı Bakı Dövlət Universitetinin müəllimləri və ictimayət nümayəndələri, həmçinin Müsavatın indiki başqanı İsa Qəmbər, əvvəlki başqanı Arif Hacılı və mərhumun üzv olduğu digər partiya üzvləri də iştirak edib.
Qeyd edək ki, Nəsiman Yaqublu bir neçə nəşr müəllifidir. O, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti tarixi və Məhəmməd Əmin Rəsulzadə barədə tədqiqatlarla məşğul olub.
2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
62 yaşlı professor sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd idi. Elə Zəngilandan seçicilərlə görüşdən qayıdarkən şəxsi avtomobili ilə qəzaya düşüb, nəticədə həlak olub./Qafqazinfo