Tacikistan və Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulub, dərin inama və etibara əsaslanır.
Sitat.info xəbər verir ki, bu sözləri Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.
“İki ölkə arasında qardaş münasibətləri var. İndi də bu münasibətlər genişlənir və hər iki ölkə rəhbərliyi buna töhfə verir. Bu münasibətlərin qədim tarixi kökləri var. 2007-ci ildə Düşənbədə Azərbaycan səfirliyi, 2008-ci ildə Bakıda Tacikistan səfirliyi fəaliyyətə başlayıb, bu illər ərzində qarşılıqlı yüksək səviyyədə səfərlər, görüşlər olub. Ölkələrimiz arasında 62 sənəd imzalanıb və iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Amma bu rəqəmlər bizi qane etmir, potensial böyükdür, biz bu potensialdan istifadə etməliyik”, - səfir qeyd edib.
Onun sözlərinə görə, hökumətlərarası münasibətlər inkişaf edir, həm Tacikistan, həm Azərbaycan dövlət qurumları arasında münasibətlər genişlənir: “Biz daha 2 strukturla qarşılıqlı münasibətlərin qurulmasını planlaşdırırıq. Bizim ölkələrimizin liderləri arasında səmimi, etibarlı münasibətlər var. ADA Universitetində tacik tələbələr, həmçinin Ali Hərbi Məktəbdə 18 kursantımız təhsil alır”.
Diplomat vurğulayıb ki, Azərbaycanla Tacikistan beynəlxalq terrorizmə qarşı mübarizədə də səmərəli əməkdaşlıq edir: “Təhlükəsizlik sahəsində, terrorla mübarizədə yaxın əməkdaşlığımız var. Biz yeni əməkdaşlıq proqramları üzərində işləyirik, gələcəkdə iki ölkə arasında birbaşa uçuşlar, başqa işlər olacaq”.
/Axar.az