Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunda yerləşən dövlət xəstəxanasının təcili yardım şöbəsinin qarşısında ötən gecə silahlı insident baş verib.
Bu barədə Sitat.info İHA-ya istinadən xəbər verir.
İddiaya görə, avtomobillə xəstəxananın qarşısına gələn şübhəlilər təcili yardım şöbəsinin girişində olan insanlara silahla hücum ediblər. Nəticədə xəstəxananın bir jandarmı, bir polisi, bir təhlükəsizlik işçisi və iki xəstə yaxını yaralanıblar.
Hadisə yerinə çoxlu sayda polis qrupu göndərilib. Çox sayda şübhəli nəzarət altına alınıb.
İnsident xəstələrə və tibb işçilərinə böyük qorxu yaşadıb. Hücum zamanı güllələr xəstəxananın pəncərələrinə, təcili yardımın girişində gözləyən təcili yardım maşınına və park edilmiş avtomobilə dəyib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.