Ata yurdunda ilk dəfə səs verən laçınlılar - FOTO

10:19 1 Sentyabr 2024

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı işğaldan azad olunan Laçında seçicilərin səs verməsi üçün 6 məntəqə fəaliyyət göstərir.

Sitat.info xəbər verir ki, 121 saylı dairə üzrə 110 seçki məntəqəsi var. Bunlardan 6 seçki məntəqəsi işğaldan azad olunan Laçında yerləşir. 105 və 106 saylı seçki məntəqəsi Laçın şəhər mərkəzində, 107 saylı seçki məntəqəsi Zerti kəndində, 108 saylı seçki məntəqəsi Zabux kəndində, 109 saylı seçki məntəqəsi Qorçu kəndində, yeni yaradılan 110 saylı seçki məntəqəsi isə Sus kəndindədir.

Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub.

Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir.

Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.

Musavat.com



Xəbər xətti