Azərbaycanda rəqəmsallaşma ilə bağlı ehtiyaclar müəyyənləşdirilir

12:10 4 Sentyabr 2024

2026-cı ilə qədər Azərbaycanda ictimai xidmətlərin 80 %-ni rəqəmsallaşdırılması planlaşdırılır.

Sitat.info xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov "Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri" adlı tədbirdə deyib.

"Bu məqsədə çatmaq üçün bir sıra sistemləri rəqəmsallaşdırmışıq. Bu işlərə 2011-ci ildə başlamışdıq. İlk dəfə Elektron Hökumət Platformasını istifadəyə verdik. Hazırda hiss edirik ki, bizim rəqəmsallaşdırdığımız xidmətlər real şəkildə ehtiyaclara uyğun deyil. Səhv nə idi o zaman? O platformada hər şey xidmət perspektivindən, vətəndaş perspektivindən formalaşdırılmışdı. Bizim vizyonumuzda son istifadə vətəndaşlara yönəlmişdi.

Buna baxmayaraq, rəqəmsal xidmətlər, platformalar hətta onlar üçün mürəkkəbləşməyə başlamışdı. Bu onu göstərir ki, bəzən izafi rəqəmsallaşma, yəni aşırı rəqəmsallaşma heç də yaxşı deyil. Bu səbəbdən biz bəzi xidmətləri birləşdirdik ki, vətəndaşlar asanlıqla onları əldə etsin", - R. Xalıqov bildirib.

Bunları nəzərə alaraq, onun sözlərinə görə, hazırda dəqiq və konkret olaraq nəyə ehtiyacın olduğu müəyyənləşdirilir: "Rəqəmsallaşmada əsas məqsəd inzibati xərcləri azaltmaqdır".



Xəbər xətti