Aprelin 26-sı və 29-u tarixlərində dörd gün müddətində iki rayonun, 65 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sitat.info Qazet.az-a istinadən xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi yeni avtomobil yolunda “Qaz İxrac” İdarəsinə məxsus “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və yenidən qurulan boru kəməri hissəsinin mövcud magistral qaz kəmərinə birləşdirilməsi məqsədilə qazın nəqli dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Quba rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə Xaçmaz şəhər daxil olmaqla, 65 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşin gedişatından asılı olaraq, həmçinin aprelin 29-da Qusar rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə isə qalan 2 qəsəbə və 45 kəndin qaz təchizatının məhdudlaşdırılması ehtimalı mövcuddur.
Müvəqqəti narahatlığa görə üzr istəyirik.