Bayden Rusiyanın içərilərinə vurulan zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması üzərində işlədiklərini bildirib.
ABŞ prezidenti Co Bayden təsdiqləyib ki, Ağ Ev Ukraynanın Amerikanın uzaqmənzilli raketlərindən istifadəsinə qoyulan qadağanın aradan qaldırılması imkanını müzakirə edir.
Sitat.info BBC-ə istinadən xəbər verir ki, jurnalistlər Baydendən ABŞ-ın Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri endirməsinə qoyulan məhdudiyyətləri götürüb-götürməyəcəyini soruşublar.
"Hazırda bunun üzərində işləyirik"- deyə Bayden cavab verib.
Xatırladaq ki, müharibənin əvvəlindən, xüsusən də Kiyevə Amerika silahları veriləndən bəri belə bir qadağa mövcuddur. Vaşinqton qorxur ki, Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin təkcə regionda deyil, bütövlükdə Avropada təhlükəli eskalasiyaya gətirib çıxarsın.
Zelenski dəfələrlə Ağ Evdən qadağanı ləğv etməyi xahiş etsə də, Amerika administrasiyası saxlamaqda israrlı idi. Ancaq Rusiya ordusunun Xarkov vilayətinə təkrar-təkrar müdaxiləsindən sonra ABŞ Kiyevə sərhəd yaxınlığındakı rus hədəflərini vurmağa icazə verdi.
Ağ Evin qadağanın tamamilə aradan qaldırılmasını nəzərdən keçirmək istəyinə nəyin səbəb olduğu aydın deyil. Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken demişdi ki, ABŞ müharibənin hər mərhələsində Ukraynanın ehtiyac duyduğu hər şeyə malik olduğundan əmin olub. Cəbhənin müxtəlif sektorlarında rus qoşunlarının aktivləşdirilməsi, eləcə də İranın Rusiyaya ballistik raketlərinin tədarükü Vaşinqton tərəfindən yeni çağırışlar və təhdidlər kimi dəyərləndirilir ki, bu da Bayden administrasiyasını əvvəlki qərarlarına yenidən baxmağa sövq edə bilər.
Nərgiz Liftiyeva,
Sitat.info