Məlum olduğu kimi, Fransada prezident seçkilərinin qalibi Makron oldu . O rəqibi Le Peni udaraq yenidən Fransanın prezidenti kürsüsünə əyləşdi.
İndi hər kəsi düşündürən odur ki, ötən 4 ildə nüfuzu olmayan Makronun prezident seçkilərində qalib gəlməsinə səbəb nə oldu? Siyasi fəaliyyətinə görə Makron Le Pendən nə ilə fərqlənirdi? Eyni zamanda Fransanın Azərbaycan və Türkiyə ilə münasibətləri bundan sonra necə irəliləyəcək?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi, Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli bildirib ki, Fransanın ən yeni tarixində millətçilər həmişə ikinci tura çıxa bilsələr də, son turu uduzublar: “ Marine Le Penin atası da seçkilərdə uduzmuşdu, özü də indi Makrona uduzdu. Bu da gözlənilən idi”.
Şərhçi Fransada Le Penin prezident seçilməsindənsə, Makronun seçilməsinin daha müsbət hal olduğunu qeyd etdi: “ Le Pen prezident seçilsəydi də, dövlət siyasətindən kənara çıxa bilməzdi. Bəziləri düşünürdü ki, Le Pen seçilərsə Putinlə müttəfiqlik sazişi imzalayacaq, amma, elə deyildi. Fransanın təməl siyasəti var, prezidentin kimliyindən asılı olamayaraq bu təməl siyasət davam edəcək”.
Fransa hakimiyyətinin Azərbaycan və Türkiyəyə yalnız müsbət münasibət bəsləyə biləcəyini düşünən ekspert qeyd edir ki, önəmli olan dövlət maraqlarıdır: “Çünki, Fransa dövlətinin maraqları var və bu maraqların gərçəkləşməsi Fransadan Türkiyə və Azərbaycana müsbət münasibət göstərməsini tələb edir”.
Safura Bənnayeva
Sitat.info