Bu dəfə dövlət qurumuna arxayın olmağa dəyməz, çünki qaydalara görə dövlət qurumu Wikipediaya şikayət verə bilməz. İlk öncə qeyd edim ki, qlobal informasiya mənbəyi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan maraqlarının qorunmasında və ölkəmizin informasiya müharibəsində əldə etdiyi uğurlarda Azərbaycan Wikipediası mühüm rol oynayıb. Doğrudur, resurslarımız burada yetərli deyil, amma qeyd olunan sahələrdə bu qlobal platformanın oynadığı rol, müzakirə predmeti ola bilməz. Şübhəsiz ki, ictimai əsaslarla, pulsuz, qeyri-kommersiya yönümlü fəaliyyət göstərən Wikipedianın Azərbaycan icmasının da bu sahədə böyük rolu olub".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, baş verənlərdən görsənir ki, son bir neçə ildir ki, həqiqətən də platformanın Azərbaycan seqmentini idarə edən Azwiki icmasında, idarəedicilər arasında, idarəedicilərlə icma arasında ciddi fikir ayrılıqları var:
"Xüsusilə də qlobal, ictimai bir platforma olan Wikipedianın Qaydaları və Siyasətinin Azərbaycana tətbiq edilməsi sahəsində Azərbaycan idarəçiləri (15 idarəçi var) arasında kəskin qütbləşmə yaranıb. Yəni belə demək mümkünsə “tərəflər” formalaşıb. Və bütün bunlar da sonda Azərbaycan üçün strateji əhəmiyyəti olan məsələlərdə (məqalələrin statusunun müəyyən edilməsi, şəhidlərin səhifələrinin silinməsi, alimlərin səhifələrinin silinməsi və s.) özünü göstərməyə başlayıb.
Məqalələrin silinməsi və ya redaktə olunması ilə bağlı narazılıqlar icmanın idarəediciləri arasında müzakirə səviyyəsini aşıb. Uzun müddətdir ki, icma bu məsələni yoluna qoya bilməyib və narazılıqlar daha da kəskinləşib. Problem icma səviyyəsində öz həllini tapa bilmir".
O.Gündüz hesab edir ki, belə olan halda isə Wikipedia qaydalarına görə müzakirəni daha üst səviyyəyə çıxarmaq vacibdir: "Yəni düşünürəm ki böhranın dərinləşməsindənsə, bu qlobal resursdan Azərbaycan maraqları üçün daha effektiv istifadə etmək üçün problemi sivil yollarla, Viki qaydalarına uyğun həll etmək lazımdır. Xatırlayıram ki, Türkiyədə PKK ilə bağlı məqalələrdə, Ukrayna-Rusiya müharibəsi ilə bağlı məqalələrdə, İsrail və Fələstin müharibəsi ilə bağlı məsələlərdə oxşar situasiya yaranmışdı.Bu problemlər isə zamanında Wikipediada ən yuxarı səviyyədə həll olundu. Wikipedia İcma Portalı və Arbitraj Komitəsi adlanan qurumlar məhz bu tip problemlərin həllinə cavabdehdir. Azərbaycan dilindəki Wikipediada hələlik ayrıca Arbitraj Komitəsi təəssüf ki, qurulmayıb. Amma digər dillərdə olan, məsələn ingilisdilli Wikipedianın Arbitraj Komitəsinə şikayət etmək məqbuldur. Arbitraj Komitəsi istifadəçilərin şikayətlərini qəbul edərək tərəflərin arqumentlərini nəzərdən keçirib, onların Viki qaydalarına uyğun olmasını araşdırır və yekun qərar qəbul edir. Qərar icma idarəçilərinin kənarlaşdırılması, məqalələrin statusu və ya redaktəsi və s. bağlı ola bilir.
Odur ki, təklif edərdim ki, ləngimədən idarəçilərdən və ya istifadəçilərdən adı çəkilən qurumlara müraciətlər edilsin. Ünvanlar, emaillər, müraciət formaları Wikipediada var".
Nərgiz,
Sitat.info