ABŞ müdafiə naziri Lloyd Ostin hesab edir ki, Ukrayna düzgün silahlarla təmin olunarsa, Rusiyanın başlatdığı müharibədə qalib gələ bilər.
SİTAT.İNFO xəbər verir ki, bu barədə o, Ukraynaya səfərindən sonra bildirib.
"Dövlət katibi Entoni Blinken və mən ABŞ-ın Ukrayna hökumətinə və inanılmaz dərəcədə cəsur Ukrayna xalqına güclü dəstəyini birbaşa nümayiş etdirmək üçün dünən Kiyevə səfər etdik”, - deyə Pentaqon rəhbəri bildirib.
Onun sözlərinə görə, onlar üçün Kiyevə şəxsən səfər etmək və üzbəüz söhbət etmək vacib idi.
Nazirlər Ukrayna xalqının göstərdiyi gündəlik qəhrəmanlığa dərin heyranlıqlarını ifadə ediblər:
"Cəbhə xəttindəki əsgərlərdən tutmuş yaralıları müalicə edənlərə, hətta Rusiyanın təcavüzünə müqavimət göstərən üsyankar nənələrə qədər - onların cəsarəti bütün dünyanı ruhlandırıb", - Ostin vurğulayıb.
Pentaqon rəhbəri bəyan edib:
"Biz inanırıq ki, Ukrayna düzgün silahlara və düzgün dəstəyə malik olarsa, qalib gələ bilər".
Nazir bildirib ki, Birləşmiş Ştatlar ukraynalıların ehtiyac duyduqları silahları mümkün qədər tez alması üçün əlindən gələni etməyə davam edəcək.
Xəbər verdiyimiz kimi, aprelin 24-də ABŞ dövlət katibi Entoni Blinken və ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüblər.
Səid İsaoğlu,
SİTAT.İNFO