Türkiyəli general: "106 il əvvəl Türkiyə-Azərbaycan qardaşlığının qürur tarixi yazılıb"

13:39 14 Sentyabr 2024

"1918-ci il 15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının ən önəmli tarixlərindən biridir. Keçmişdə, bu gün və gələcəkdə də sonsuza qədər əbədi və sarsılmaz olan birliyinin rəmzidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

 Türkiyəli general xatırladıb ki, həmin dövrdə, Birinci Dünya müharibəsində Osmanlı imperiyası azı 7 cəbhədə savaşmasına baxmayaraq, ermənilərin törətdikləri zülmlərin, Azərbaycanın uğradığı haqsızlıqların qarşısını almaq üçün köməyə gəlib:

"Bu, Osmanlı imperatorluğunun Azərbaycana, Bakıya, türklüyə verdiyi önəm, diqqət və qayğının nəticəsi idi. Beləliklə, digər cəbhələrdən çəkilərək Nuru Paşa öz əsgərləri ilə Gəncəyə gəlir, burada azərbaycanlı könüllülərdən ibarət Azərbaycan Korpusu yaradır və bu, bərabər bayraq, millət, torpaq üçün verilən mücadilənin adıdır.

Bu mücadilə eyni zamanda həm bolşeviklərə, həm də erməni daşnaklarına, həm də ingilislərə qarşı verilmişdi. Çünki həmin vaxt Bakıda bolşevik-erməni daşnakları, həm də ingilislər var idi.

Bundan başqa, mart qırğınlarından sonra ermənilər tərəfindən yenidən törədilə biləcək təxribat, soyqırımın qarşısının alınması məqsədilə ilə həyata keçirilmişdi.

Beləliklə, çox qısa bir zamanda, yəni 15 may-15 sentyabr ərzində təlimlər həyata keçirərək, sentyabrın 15-i səhəri Bakını işğaldan azad etdilər.

Bakının azad edilməsi üçün yetəri qədər silah-sursatı, əsgəri olmayan birlikləri qısa zamanda bir yerə toplamaq, təlim keçmək asan məsələ deyildi. Hesab edirəm ki, bununla bağlı daha dərindən araşdırma aparılmalıdır.

Bu gün Azərbaycan torpaqlarında 1130 Anadolu türkü azərbaycanlı şəhid qardaşları ilə birlikdə, bəziləri eyni məzarda, bəzilər isə ayrı məzarlarda dəfn olunub və hər zaman Azərbaycan xalqının qəlbindədirlər.

Əgər  Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyası yenilməsəydi, Mudros barışığı imzalamasaydı, Bakının azad edilməsindən sonra elan olunan, Şərqdə ilk müsəlman-türk respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin ömrü daha uzun olardı. Lakin mövcud hadisələr bizi 1991-ci və oradan da 2020-ci ilə gətirmişdi.

Xatırladım ki, Bakının azad edilməsinin 100 illiyi dövründə, yəni 2018-ci ildə iki qardaş ölkənin cümhuriyyət başkanı Azadlıq Meydanındakı paradda İstiqlal üçün, Azərbaycanın ərazi bütövlüyü üçün, 100 il öncə olduğu kimi mübarizədə birgə olacaqlarını ifadə etmişdilər.

Beləliklə, 15 sentyabr həmçinin Şuşa Bəyannaməsi, Qarabağ Zəfəri kimi bir zəfərdir və Türk dünyasının qızıl səhifəsidir. Bütün şəhidlərimizi rəhmətlə anıram".



Xəbər xətti