Son vaxtlar bəstəkar, müğənni Elza Seyidcahanın yazdığı şeirlər cəmiyyətdə həm gülüş, həm də tənqid hədəfinə çevrilib. Xüsusən də onun bir müddət öncə cəmiyyətin etirazlarına rəğmən Yazıçılar Birliyinə üzv qəbul edilməsinə görə, tənqidlərdən AYB rəhbərliyi də nəsibini alıb. Xüsusən də sosial şəbəkə istifadəçiləri Elza Seyidcanın bir çox hallarda qeyri-etik səslənən şeirlərini tənqid edərək, AYB-dən bu duruma son verməsini tələb edirlər. Belə ki, müğənninin yazdığı "şeir"lər həm də üzvü olduğu AYB adına xələl gətirir.
Məsələ ilə bağlı Sitat.info yazıçı Əkrəm Əylislinin də rəyini öyrənməyə çalışıb.
O bildirib ki, artıq cəmiyyət Elzadan bu cür şeirlər gözləyir və bunu dərhal gündəmin ən çox müzakirə olunan mövzusuna çevirir: "Bizdə belə bir vəziyyət yaranıb ki, Elzanın şeiri olmayanda darıxmağa başlayırıq. Bir hadisə olmalıdır ki, başımız qarışsın. Mənə elə gəlir ki, Elza xanımda yumor hissi çox güclüdür. Elza Anarın şeirləri kimi şeirlər yazıb, camaatı oynatmağı bilirsə, deməli o, istedadlı adamdır. Elza xanıma hörmətim artır (Gülür). Anar Yazıçılarda Birliyində birlik qoymayıb. Hökumətin pulunu alırlar, otururlar orada, nə ilə məşğul olduqları məlum deyil. Bu 40 ildə ədəbiyyat naminə bir dənə şəxsiyyəti meydana çıxara biliblərmi? Deyirlər qəzet və jurnallarımız çıxır. Onların ədəbiyyata bir faydası olmur axı... Ədəbiyyatı təbii inkişafından saxlayırlar. Anarın gördüyü işlər belədir. Elza da təsadüfi deyil".
Ə.Əylisli həmkarını tənqid etməyi də unutmayıb: "Anar istedadlı yazıçı deyil. Onun şeirlərini oxuyanda adamın əti tökülür. Şeirləri xüsusən istedadsızdır. Ancaq Anar istedadlı kariyeristdir. Mən Azərbyacan Yazıçılar Birliyinin tarixində bundan istedadlı kariyerist görməmişəm. Bu adam Yazıçılar Birliyinin nizamnaməsini öz əli ilə yazıb.Öz əli ilə kimə nə istəyir verir. Orada bir neçə adamı əlinin altında saxlayır. Onun yanında Azərbaycan tarixində iz qoyan bir neçşə hörmət etdiyim şəxs var idi, onun yanına gələn kimi hamısı yaradıcılığını itirdi. Anar nə qədər ki, orada oturub, maraqlı hadisələr baş verəcək, biz də bunun şahidi olacağıq"
Məğrur Salmanov,
Sitat.info