İsrail mediası: Netanyahu peycerlərin partladılmasına razılıq verib

09:32 18 Sentyabr 2024

Sitat.info xəbər verir ki, “Walla” xəbər saytının məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu bu həftənin əvvəlində yüksək səviyyəli nazirlər və kəşfiyyat rəhbərləri ilə təhlükəsizlik məsləhətləşmələri zamanı Livanda simsiz rabitə cihazlarının partladılmasını təsdiqləyib.

İnternet saytı adı açıqlanmayan yüksək rütbəli amerikalı məmurlara istinadla Livanda 10 nəfərin ölümü və 200-ü ağır olmaqla, 3000 nəfərin yaralanması ilə nəticələnən partlayışların arxasında İsrailin olduğunu bildirib.

İsrailin Baş Nazirlik Ofisi, Netanyahunun müşaviri Topaz Lukun sosial mediada sildiyi və hücumlara görə İsrailin məsuliyyət daşıdığına işarə edən paylaşımı şərh etməyib.

Bu əməliyyat "Hizbullah"ın hərbi komandanlıq və nəzarət sisteminin əhəmiyyətli hissəsini zərərsizləşdirib. İsrail rəsmiləri şimal sərhəddində gərginliyin artma ehtimalının yüksək olduğunun fərqindədirlər və İsrail ordusunun Hizbullahın geniş miqyaslı reaksiyasına qarşı yüksək hazırlıq vəziyyətində olduğunu bildiriblər.

Xatırladaq ki, dünən Livanda Hizbullah ünsürlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib. Səhiyyə Nazirliyi  açıqlayıb ki, Hizbullah ünsürlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində biri uşaq olmaqla 9 nəfər həyatını itirib, təxminən 200-ü ağır olmaqla 2800 nəfər yaralanıb. Livan rəsmiləri hadisəyə görə İsrailin məsuliyyət daşıdığını desə də, İsrail hələ də məsələ ilə bağlı açıqlama verməyib.

Seymur,

Sitat.info 



Xəbər xətti