Şəfa xəstəxanasından qaçırılan fələstinli həkim İsrail həbsxanasında öldü

13:15 18 Sentyabr 2024

18 mart 2024-cü ildə Qəzza şəhərinə hücum zamanı İsrail qüvvələri tərəfindən Şəfa xəstəxanasından qaçırılan fələstinli həkim Ziyad Məhəmməd həbsxanada vəfat edib.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bu barədə bildirilib. 

Bəyanatda tibb işçilərinin vəzifələrini yerinə yetirərkən hədəfə alınmasının beynəlxalq humanitar hüququn və bütün beynəlxalq müqavilələrin açıq şəkildə pozulması olduğu vurğulanıb:

"Biz Fələstin tibb qruplarına qarşı törədilən bu vəhşi cinayəti qınayırıq. Bütün beynəlxalq və insan haqları təşkilatlarını Qəzzada xəstəxanalarda tibbi və humanitar vəzifələrini yerinə yetirərkən oğurlanan onlarla fələstinli tibb işçisinin taleyinin üzə çıxarılması üçün təcili müdaxilə etməyə çağırırıq. Bunların Səhiyyə işçilərinə qarşı pozuntular davam edir. Bu, sistematik olaraq Fələstin xalqını və qurumlarını hədəf alan bir vəziyyətdir. İsrail tibb qruplarına və mülki şəxslərə qarşı bu cinayətlərə görə beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir."

Xatırladaq ki, 7 oktyabr 2023-cü il tarixindən Qəzza zolağına hücumlarını davam etdirən İsrail ordusu martın 18-də bölgənin ən böyük sağlamlıq mərkəzi olan Şəfa xəstəxanasına basqın edib.

 Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi son açıqlamada qeyd olunur ki, İsrailin hücumlarında ən az 16 min 795-i uşaq və 11 min 378-i qadın olmaqla 41 min 252 fələstinli həyatını itirib, 95 497 nəfərin yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Nərgiz,

Sitat.info



Xəbər xətti