DSX-nin gizirini öldürən şəxslərə hökm oxundu

12:08 25 Sentyabr 2024

Bakıda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş giziri Cəsarət Vəliyevi qətlə yetirməkdə, digər əməkdaş Camal Həsənova isə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanova hökm oxunub.

Sitat.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Orxan Zeynalov 19 il , İlqar Adurrahmanov isə, 18 il 6 ay azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin baş giziri olub. Hadisə ötən il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi və söyüş üstündə baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.



Xəbər xətti