ABŞ müharibəyə "qatılır" və yeni ssenari yazır: Kiyev isə zəmanət istəyir...

15:58 26 Aprel 2022

"ABŞ dövlət katibi Entoni Blinken Kiyevə tək gəlsəydi, düşünmək olardı ki, bəlkə də, hansısa sülh gündəliyi üzərində baş sındırılır. Ancaq ABŞ Dövlət Departamentinin rəhbərinin müşayiətində müdafiə naziri Lloyd Ostininin də Kiyevə gəlişi müharibə ssenarisinin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib

A.Kərimovun sözlərinə görə, onların Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə, hərbi-texniki əməkdaşlığın bazası müzakirə mövzusu olub: "ABŞ müharibənin yeni mərhələyə qədəm qoyduğu bir zamanda – Rusiyanın Ukraynanın cənubunu tutmaqla Ukraynanın dənizə çıxışını bağlamaq mərhələsində - Ukraynanı sürətlə silahlandırmağa üstünlük verir".

Siyasi şərhçi hesab edir ki, hazırda Ukraynanın silahlanmasındakı mövcud müasir silahlar hərbi əməliyyatlarda Rusiya qüvvələrinə ağır zərbələr vurur, ancaq Ukraynanın orta və uzaqmənzilli raketlərə və hava hücumundan müdafiə sistemlərinə də ehtiyacı var: "ABŞ Ukraynanın cənub cinahının Rusiya qüvvələrindən təmizləməkdə maraqlıdır və bunun üçün Kiyevə təhlükəsizlik zəmanəti də verilməlidir. Blinken həmin zəmanətin diplomatik, Ostin isə hərbi əsaslarını Zelenskiyə təqdim edir. Amma bunun rəsmiləşməsi indiki mərhələdə çətin görünür".



Xəbər xətti