Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir: bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 21 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.
Sitat.info xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, ölkələr arasında investisiya sahəsində əməkdaşlıq intensiv şəkildə inkişaf edir: “Azərbaycanda Çin sərmayəli 256 kommersiya təşkilatı fəal şəkildə işləyir. Çin şirkətlərinin Azərbaycandakı əlverişli biznes mühitindən yararlana bilməsi üçün lazımi dəstəyi göstərməyə davam edəcəyik”.
Ş.Mustafayevin sözlərinə görə, tranzit daşımalar iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. “Azərbaycanda tranzit potensialının artırılması üçün irimiqyaslı nəqliyyat infrastrukturu layihələri həyata keçirilib. Ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr Çindən Avropaya və əks istiqamətdə yüklərin çatdırılması üçün ən qısa və səmərəli marşrutları təşkil edir. Nəticədə Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib”, - o bildirib.