27 sentyabr -bu gün Xeyrin Şərə qalib gəldiyi gündür. Haqqın nahaqqa qalmayacağını sübut etdiyimiz gündür. Qisasımızın alındığı gün, qəddimizin düzəldiyi, başımızın dikəldiyi gündür. Bu o gündür ki, iki əsr sonra igidlərimiz torpaqlarımızı qaytaracaq. Yuxuda gördüyümüz, xəyalən getdiyimiz torpaqlara qədəm basacağımız gündür.
Səhəri "müharibə başladı" xəbəri ilə açdıq, 44 gün əlimiz işə yatmadı, ağzımızın dadı olmadı, o 44 günü yaşamadıq, sadəcə əlimiz göydə daha çox şəhid verməyək deyə dua etdik. Bir gözümüz ağladı, bir gözümüz güldü. Sevinc göz yaşları tökərkən boğazımız qəhərdən düyünləndi. Çünki müharibənin nə olduğunu bilirdik, neçə evin çırağı sönür bilirdik.
Bu gün bütün ağrı-acıları, yaraları ilə birgə QƏLƏBƏ bizimdir, Qarabağ Azərbaycandır. Bu günləri bizə yaşadan şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah sağlam can, uzun ömür versin.
Nə qədər böyük və əzəmətli bir xalqın nümayəndəsi olduğumuzu unutmamalıyıq. XXI əsrdə qəhrəmanlıq dastanı yazan igidlərimizə layiq olmalıyıq. Şəhid qanı ilə yoğrulan müqəddəs torpaqlarımızın gələcəyinə sahib çıxmalıyıq. Şəhid olmadıq, amma şəhid kimi yaşamalıyıq, canımızı qurban vermədik, amma nəfsimizi qurban verməliyik. Bu möhtəşəm yurdun gələcəyini gözəl qurmalıyıq!
Nərgiz Liftiyeva,
Sitat.info