ABŞ və İngiltərə İsveçə NATO-ya üzv olmaq üçün müraciəti ilə alyansa rəsmi qəbulu arasındakı müddətdə hərbi müdafiə ilə bağlı vəd verib.
SİTAT.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.
Yəni İsveç NATO-ya üzv olmaq üçün müraciət edərsə, ABŞ və İngiltərə de-fakto bu ölkəni hərbi baxımdan müdafiə edəcək.
Son məlumata görə, İsveç və Finlandiya bu yay NATO-ya üzv olmaq üçün rəsmi müraciət etməyə hazırlaşır.
İsveç hökuməti uzun müddətdir ki, bu ideyanı müzakirə edirlər. Baş nazir Maqdalena Andersson Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropanın təhlükəsizlik mühitinin tamamilə dəyişdiyini və İsveçin buna cavab olaraq neytrallığını yenidən nəzərdən keçirəcəyini bildirib.
Rusiya İsveçlə yanaşı, digər qonşusu Finlandiyaya da NATO-ya üzvlüklə bağlı xəbərdarlıq edib. Kremldən verilən hədələyici açıqlamada hər iki ölkənin müvafiq addımının nəticələrinin olacağı deyilib.