Qazaxıstanın Almatı şəhərində Avropa İttifaqının “Horizon-2020” elmi-tədqiqat və innovasiya sahəsində mübadilə proqramı çərçivəsində “Evolusiya tənlikləri, yaxınlaşma nəzəriyyəsi və spektral optimallaşdırma” mövzusunda keçirilən konfransda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova da iştirak edib.
AzMİU-dan Sitat.infoya bildirilib ki, professor konfransda “Dördüncü dərəcəli diferensial operator üzrə bəzi spektral suallar” mövzusunda elmi məruzə ilə çıxış edib. Alim məruzəsində mexanika və fizikanın bir sıra məsələləri üçün model rolunu oynayan tədqiqatlarını, əldə etdiyi son elmi yeniliklərini iştirakçıların diqqətinə çatdırıb.
Konfransdan sonra keçirilən görüşlər zamanı proqram çərçivəsində növbəti il elmi tədbirin təşkil ediləcəyi yerlə bağlı məsələ də müzakirə olunub. Universitet və elmi-tədqiqat institutlarının nümayəndələri təmsil olunduqları ölkə və qurumla bağlı təqdimatlar ediblər. Təqdimatlar zamanı nümayəndələr daha yaxşı təşkilatçılıqla əlaqədar əsaslandırmalar aparıblar. Nəticədə AzMİU-da son illər elmi-tədqiqat məsələlərinə göstərilən diqqət, əldə olunan uğurlar, eləcə də beynəlxalq elmi konfransların keçirilməsində qazanılan təcrübə əsas götürülərək 2025-ci ildə konfransın Bakıda keçirilməsi qərara alınıb.
Proqram çərçivəsində təşkil olunacaq nüfuzlu elmi konfrans 2025-ci il sentyabrın 9-11-də AzMİU-da keçiriləcək. Həmin tarixə kimi konfrans çərçivəsində bir araya gələn qurumlar arasında elmi kadr mübadiləsi və qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi prosesi həyata keçiriləcək.