Azərbaycan ictimaiyyəti Türk dövlətlərinin ortaq əlifbası fikrini dəstəkləyir - SORĞU

11:57 3 Oktyabr 2024

Bu ilin sentyabr ayında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Sosial Tədqiqatlar Mərkəzi bu barədə Azərbaycan ictimaiyyətinin fikrini öyrənmək məqsədilə rəy sorğusu keçirib.

Bu barədə Sitat.info-ya  STM-dən məlumat verilib.

Bildirilib ki, sorğuda iştirak edənlərin 84,3%-i “Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyirsinizmi?” sualına müsbət cavab verərək, bu təşəbbüsü dəstəklədiyini, 13,4%-i dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 2,3%-i fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edilib ki, ortaq əlifbanın yaradılması təşəbbüsü dil və yazı birliyi ilə yanaşı, türk dövlətləri arasında mədəni və təhsil mübadiləsini genişləndirmək, qütbləşən dünyada inteqrasiya və əməkdaşlığı sürətləndirmək, nəhayət dildə, fikirdə, əməldə birliyi gücləndirmək kimi mühüm hədəflərə xidmət edir.

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.



Xəbər xətti