İsrailin İrana mümkün cavab zərbələri ehtimalı dünya neft bazarında qiymətlərin sürətlə bahalaşmasına səbəb olub. Bazar iştirakçıları İranın neft infrastrukturuna zərbə endiriləcəyi təqdirdə Yaxın Şərqdən yanacaq tədarükündə fasilələrin yaranacağı ilə bağlı riskləri qiymətləndirdikləri üçün neftin qiymətləri sürətlə yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 3 dollar (4,06 faiz) artaraq 76,9 dollar olub. Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin noyabr fyuçersləri 3,13 dollar (4,47 faiz) bahalaşaraq 73,23 dollara çatıb.
Treyderlər İranın son raket hücumuna İsrailin cavabını gözləyirlər. KİV-in məlumatına görə, İsrail hərbçiləri İranın strateji hədəflərinə, o cümlədən nüvə və neft obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Panmure Qordon şirkətinin analitiki Eşli Kelty deyib ki, regionda münaqişənin kəskinləşməsi İranın Hörmüz boğazından gəmilərin keçidini əngəlləməsinə və ya hətta 2019-cu ildə olduğu kimi, Səudiyyənin infrastrukturuna hücumuna səbəb ola bilər.
ABŞ prezidenti Co Bayden deyib ki, bu gün İsrail İrana cavab addımı atmayacaq.
Bəzi analitiklər hesab edirlər ki, İsrail ordusu sabah Roş-Ha-Şana bayramı bitdikdən sonra İrana qarşı cavab tədbirləri görməyə qərar verə bilər.
Bu arada Liviya Milli Neft Korporasiyası (NOC) ölkədə neft hasilatı və ixracının tam bərpa olunduğunu açıqlayıb. Liviyanın qərb və şərq hissələrinin hakimiyyət orqanları arasında fikir ayrılığı səbəbindən avqustun sonunda elan edilmiş fors-major ölkədəki bütün neft yataqları və terminallarında ləğv edilib.
Financial Times qeyd edir ki, bu, gündə təxminən 700 min barel neftin dünya bazarına qayıtmasına imkan verəcək. Buna görə də İsrail-İran gəginliyi aradan qalxan kimi qiymətlərin ciddi şəkildə düşəcəyi gözlənilir