Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

12:26 7 Oktyabr 2024

Azərbaycan-Türkiyə qardaşlığının təməlini təhsil müəssisələrimizlə daha da möhkəmləndirməyi hədəfləmişik".

Oxu.Az xəbər verir ki, bunu oktyabrın 7-si Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri professor doktor Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun ikinci filialının açılışı zamanı çıxışında deyib.

"Bu gün başqa bir gündür, biz başqa bir sevinc içindəyik. Bir neçə ildir üzərində çalışdığımız bu müəssisənin açılışında iştirak etməkdən böyük qürur duyuram. Bu kampus Bakının memarlığına uyğundur. Biz buna can Azərbaycanın dəstəyi ilə nail olmuşuq. Digər qardaş ölkələrdə olduğu kimi, can Azərbaycanımızın gənc nəslini də gələcəyə hazırlamaq prioritetimizdir".

O, Gəncə, Naxçıvan və Qarabağ bölgəsində də kampusların açılmasında maraqlı olduqlarını bildirib.

"Türkiyə Maarif Vəqfi artıq səkkiz ildir, fəaliyyət göstərir. 100-ə yaxın ölkədə Türkiyə təhsilinin əhatə dairəsini genişləndiririk. 74 ölkədə 54 məktəbimiz var. İmkanlar əl verdiyi qədər 193 ölkədə məktəblər açmağı düşünürük. Özəl təhsil proqramlarımız sayəsində 54 min şagirdə xidmət göstəririk. Can Azərbaycan ilə qardaşlığımızın möhkəmləndirilməsində, təhsilinə öz töhfəmizi verməkdən qürur duyuruq".

Birol Akgün Oxu.Az-a açıqlamasında bildirib ki, Gəncədə məktəbi bir il içərisində açmağı düşünürlər:

"Ümid edirik ki, bu istəyimizə nail olacağıq. Ardınca Qarabağda Təhsil Nazirliyinin bizə məsləhət görəcəyi məkanda məktəb açmaq istəyirik. Lakin bunun üçün dəqiq bir vaxt deyə bilmirəm. Amma hədəfimiz bu istiqamətdədir. Ümumiyyətlə isə Qarabağ, Naxçıvan, Gəncədə məktəb açmaq istiqamətində bir yol xəritəmiz var. Bu, bir il içərisində də baş tuta bilər, daha çox vaxt da ala bilər. Bunların hər biri gündəmimizdə olan məsələlərdəndir".

Qeyd edək ki, kampusun açılış mərasimində Birol Akgünlə yanaşı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi doktor Serdar Gündoğan, Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli, millət vəkilləri, iş adamları və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Beynəlxalq təhsil proqramının intensiv tədris olunduğu Azərbaycan Beynəlxalq Maarif Məktəbləri yeni kampusu ilə birlikdə 1000-ə yaxın şagirdə təhsil imkanları təqdim edir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, T3 Vəqfi ilə birgə qurulmuş "Bilim-Maarif" otağı, laboratoriyalar, kitabxana, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Türkiyə Maarif Vəqfinin peşəkar heyəti tərəfindən hazırlanan beynəlxalq maarif təhsil standartına əsasən, məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən yeni kampusda əsas fənlərlə yanaşı, dərsdənkənar dərnəklər də fəaliyyət göstərəcək. Bu məktəbin məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduqları zaman təhsil haqqından tamamilə azad olunurlar.

Türkiyə Böyük Millət Məclisi tərəfindən 6721 saylı qanunla qurulan Türkiyə Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur. Qədim Anadolu ürfanını mənimsəmiş, müasir elmi bilikləri öyrənən və tətbiq edən, vicdanlı, ağıllı, aktiv və iradəli xarakterə sahib insanlar yetişdirməyi hədəfləyən Türkiyə Maarif Vəqfinin dünyanın 54 ölkəsində yerləşən 477 təhsil müəssisəndə 52 mindən çox şagird təhsil alır.



Xəbər xətti