BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib

17:41 9 Oktyabr 2024

Bakı Dövlət Universiteti (BDU) qlobal davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE) tamhüquqlu üzvləri sırasına qoşulub.

Bu üzvlük universitetin beynəlxalq arenada mövqeyini gücləndirərək, qlobal davamlılıq təşəbbüslərində fəal iştirak etməsinə imkan verəcək, ekoloji, sosial və iqtisadi sahələrdə daha dayanıqlı bir gələcək qurmaq üçün göstərdiyi səyləri dəstəkləyəcək, eləcə də BDU-ya davamlılıq sahəsində aparıcı beynəlxalq təcrübələrə çıxış imkanı yaradacaq.

BDU-nun bu təşkilata üzvlüyü universitetin qlobal səviyyədə tanınan davamlılıq standartlarına uyğun fəaliyyət göstərməsinə və bu istiqamətdə fəal iştirakına təkan verəcək. Bu isə ali təhsil müəssisələrinin qlobal problemlərin həllində oynadığı rolu bir daha vurğulayaraq, BDU-nun qlobal davamlılıq təşəbbüslərinə inteqrasiya olunmasına imkan yaradacaq. Bundan başqa, AASHE üzvlüyü BDU-ya davamlılıq sahəsində beynəlxalq layihələrə qoşulmaq, davamlı inkişafa yönəlmiş proqram və strategiyaları genişləndirmək üçün yeni imkanlar təqdim edəcək.

BDU-nun beynəlxalq əməkdaşlıq və davamlılıq sahəsində fəal mövqeyi cəmiyyətə və ətraf mühitə olan məsuliyyətini önə çıxaran mühüm addımdır. Universitet bu üzvlük sayəsində davamlı gələcək qurmaq üçün öz fəaliyyətini daha da inkişaf etdirərək, Azərbaycanın ali təhsil sektorunda nümunəvi mövqe qazanmağa davam edəcək.

BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə THE-nin "İxtisasların Reytinqi" ("Subject Rankings 2024") siyahısında Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsidir.

Xatırladaq ki, BDU bu gün daha bir mühüm uğura imza atıb. Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan "Times Higher Education" (THE) 2025-ci il üçün dünyanın ən yaxşı universitetlərinin ("World University Rankings 2025") reytinq siyahısını açıqlayıb. Dərc olunan siyahıda BDU da yer alıb. Dünyada 2092, Azərbaycandan isə 2 ali təhsil müəssisəsinin yer ala bildiyi siyahıda 1501+ diapazonunda qərarlaşan BDU ölkədə liderdir.

Qeyd edək ki, AASHE ali təhsil müəssisələrinin davamlı inkişaf prinsiplərinə sadiqliyini gücləndirmək və onların bu istiqamətdə fəaliyyətini dəstəkləmək üçün qlobal səviyyədə tanınmış bir platformadır.



Xəbər xətti