Trampa üçüncü sui-qəsd cəhdinin qarşısı alındı

10:52 14 Oktyabr 2024

Daha əvvəl iki sui-qəsd cəhdindən sağ çıxan ABŞ-ın keçmiş prezidenti Donald Trampın Kaliforniyada keçirdiyi seçki mitinqindən əvvəl silahlı şəxsin tutulduğu bildirilib.
Sitat.info xəbər verir ki, ştat rəsmiləri mətbuata açıqlamalarında  üçüncü sui-qəsd cəhdini  dayandırdıqlarını deyib..

"Dünən Koaçella vadisində Trampın seçki mitinqinin keçiriləcəyi əraziyə yarım kilometr aralıda polis nəzarət məntəqəsində saxlanılan avtomobilə baxış zamanı mitinq üçün saxta giriş kartı, qanunsuz yolla əldə edilmiş ov tüfəngi, tapança ələ keçiriblər. 

Vem Miller adlı 49 yaşlı şübhəlinin sağçı anti-hökumət təşkilatının üzvü olduğu və Trampı öldürməyi planlaşdırdığı güman edilir. Yerli mətbuatın verdiyi məlumata görə, saxlanılan Miller daha sonra qanunsuz silah saxlamaq ittihamı ilə mühakimə olunana qədər 5 min dollar girov müqabilində sərbəst buraxılıb.

Yerli mənbələr Millerin Kaliforniya Universitetində magistr dərəcəsi aldığını və 2022-ci ildə Nevada Senatına namizədliyini irəli sürdüyünü yazıb.

Xatırladaq ki, iyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı Metyu Kruks adlı şübhəli AR-15 tipli uzun lüləli silahla Trampa sui-qəsd etməyə cəhd edib və güllə Trampın qulağına dəyib.

Şübhəli Ryan Wesley Routh da sentyabrın 15-də Floridada qolf oynayarkən Respublikaçı namizədə sui-qəsd cəhdinə görə tutulub.



Xəbər xətti