ABŞ İranın keçmiş prezident Donald Trampa qarşı təhdidlərini illərdir “yaxından” izlədiyini bəyan edib və Tehranın hər hansı bir ABŞ vətəndaşına hücumunun “ciddi nəticələrin” olacağı barədə xəbərdarlıq edib.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett deyib ki, biz buna ən önəmli təhlükəsizlik məsələsi kimi baxırıq və İranı bu həyasız təhdidlərə görə şiddətlə qınayırıq”.
"İran hər hansı vətəndaşa, o cümlədən ABŞ-a xidmət etmiş şəxslərə hücum edərsə, ciddi nəticələrlə üzləşəcək. Təhdidlərlə bağlı qurumlar daim keçmiş prezident Trampın təhlükəsizlik bölmələrinə lazımi məlumatları təqdim edir. Gizli xidmətə bu təhdidlərə qarşı mübarizə aparmaq üçün bütün lazımi resursları, imkanları və qoruyucu tədbirləri görməsi barədə göstəriş vermişik".
Prezidentlik yarışı zamanı sui-qəsd cəhdinə məruz qalan Respublikaçı prezidentliyə namizəd Trampın “İran təhdidi”ni əsas gətirərək seçki prosesi zamanı istifadə etmək üçün hərbi təyyarə və nəqliyyat vasitələri tələb etdiyi iddia edilib.
Xatırladaq ki, iyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı keçmiş ABŞ prezidenti Tramp sui-qəsd cəhdinə məruz qalıb və o, qulağından aldığı xəsarətlə hücumdan sağ çıxıb. Trampa atəş açdığı deyilən şəxs öldürülüb.
Nigar,
Sitat.info