Namiq Mənanın "Mor-Mor" restoranında "Milçək şou" - Jurnalist elə video paylaşdı ki... (VİDEO)

10:59 17 Oktyabr 2024

Jurnalist Samir Əli Saray qəsəbəsində yerləşən "Mor-Mor" restoranındakı biabırçı olaydan yazıb. Dostu ilə restorana çay içməyə gedən jurnalisti, restoranın sahibi,  meyxana ustadı Namiq Məna qarşılayıb.

Elə hər şey gözəl rəftar, xoş qarşılamadan sonra başlayıb. Jurnalisti və dostunu kabinetlərdən birinə əyləşdiriblər. Samir Əli yazır ki, restoranda əyləşdiyi dəqiqədən kabinetdə vızıldayan milçəklərli qovmaqla məşğul olub:

"Deməli, bu gün axşam bir dostum zəng vurdu ki, Saraya gəlirəm, görüşək. Razılaşdım. Maraqlandım, dedilər Sarayda meyxana ustası Namiq Mənanın "Mor-Mor" restoranı var. Düşündüm ki, Namiq Mənanın restoranıdırsa, normal olar. Nəysə, üz tutdum həmin restorana. Restoranın görünüşü həqiqətən normal idi, təmirli, səliqəli. Dostuma da konum atdım ki, gəl bura. Görüşdük, bizi qarşıladılar, kabinetə gətirdilər. Xoş rəftar, qonaqpərvərlik super, hətta Namiq Məna özü də bizi qarşıladı, yer göstərdi. Dedik çay içəcəyik. Bura qədər hər şey əla idi. Kabinetə daxil olub oturduq, çay dedik, çay dəstgahı gətirdilər. Bu da yaxşı. Amma...

Ofisiant çayı gətirdi, qapıdan çıxanda elə bil ki, içəri bir meşok milçək buraxdılar. Bu milçəklər bizə bir divan tutdu, az qaldıq danışmayaq. Ağzımızı açan kimi milçək dirəşdi ki, ağzına girəcəm. Ofisiant xanımı çağırıb şikayət etdim ki, milçək imkan vermir ağzımızı açaq, bəlkə sən çarə tapasan. Ofisiant gülə-gülə "yola verin getsin" deyib çıxıb getdi. Nəyi yola verim, demədim ki, sərxoş adama rast gəlmişəm, milçəkdi, necə yola verim? Deyim ay milçək, gəl gir ağzıma?

İkinci dəfə çağırdım ki, heç olmasa o milçək öldürən yapşıqanlardan gətir bunlar yapışsın, biz bir stəkan çay içək. Yenə ofisiant fikir vermədi. 5 dəfə ofisianta milçəkdən şikayət etdim, ofisiant nə milçəkləri danladı, nə bizə məhəl qoydu. Milçəklər çox tərbiyəsiz idi, nə ofisianta məhəl qoymur, nə qonaqlara. Deməli, milçəklər mürəbbəyə, şokolada, ləbləbi dəstinə elə daraşdı ki, birini də yeyə bilmədik... 

Ofisiant bir də gəlib "Nəsə lazımdı?"soruşanda, "milçəköldürən lazımdı" dedim. Adam eləmədi tənbəllik, getdi bir dənə milçəköldürən gətirib verdi mənə ki, "müəllim, buyurun, öldürə bilirsinizsə, öldürün" dedi, getdi. Çarəsiz qalıb milçəköldürəni götürüb döşəndim kabinetdəki milçəklərin üstünə. Saydım, düz 31 milçək öldürdüm. Yoruldum, qalanlarını öldürə bilmədim. 5-6 milçək qaldı. Axırda hesabı istədim. Ofisiant xanım hesabı gətirdi-30 manat.

Anladım ki, burada bizdən çayın pulunu yox, öldürdüyüm milçəklərin pulunu alıblar. 31 milçək öldürmüşdüm, birini 1 manatdan pulunu aldılar. Bir milçək yaddan çıxıb yəqin, yoxsa 31 manat alacaqdılar.

Birdən çaşıb Saraya gələrsiz ha, bilin ki, Sarayda milçəyin biri bir manatdı. 25 ildir Sarayda qalıram, 27 ildir jurnalistikada külüng vururam, hələ özümə gün ağlaya bilməmişəm. Ağlıma gəlməyib ki, bu müddətdə bir milçək ferması açıb, günə 100 milçək satsaydım, indi əməlli başlı özümə gün ağlamışdım.

Milçək qədər də ağlımız olmayıb da...."



Xəbər xətti