"Bu gün bizim gördüyümüz ondan ibarətdir ki, Ermənistan daha çox imitasiya ilə məşğuldur, sülh üçün real addım atmır. Ermənistan sülh istəsəydi, bu qədər silah və texnika almazdı və ölkəmizə qarşı bu qədər təxribat həyata keçirməzdi. Onların məqsədi daha da silahlanmaq, daha da güclənmək, Azərbaycanla sərhəddə yeni hərbi hissələr yaratmaq, Qərblə müttəffqliyini gücləndirmək, xarici ölkələrin qoşunları üçün bazalar yaratmaqdır. Bunu açıq-aydın görürük. Təəssüf ki, Qərb də bu prosesə öz dəstəyini göstərir, yardımlarını əsirgəmir. Bu da Ermənistanın daha da radikallaşmasına, revanşizmə meyl göstərməsinə və yenidən Azərbaycanla müharibəyə həvəslənməsinə aparıb çıxarır".
Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O, bildirib ki, Ermənistan silahlanmağa davam etsə də, Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə müstəvisində zəruri addımlar atır: "Artıq Ermənistan Yaponiyadan, Koreyadan silah almaq istəyir. Bu gün isə Fransadan, Rusiyadan, Hindistandan alır. Bunlar ciddi narahatlıq doğuran məsələlərdən biridir.
Təbii ki, Azərbaycan da bu prosesə seyirci qalmır. Bu prosesin qabağını almaq üçün həm beynəlxalq müstəvidə, həm ölkə müstəvisində zəruri addımlar atır. Ermənistan yaxşı anlamalıdır ki, bu proseslərin sonu yaxşı olmayacaq. Bölgəmizdə təhlükə və problemlər yaradacaq".
Məğrur Salmanov,
Sitat.info