“Troyka Dialoq” investisiya şirkətinin təsisçisi, Bakıda həbsdə olan erməni milyarder Ruben Vardanyanın artıq Rusiyanın yük avtomobilləri istehsalçısı “Kamaz”ın səhmdarı olan Avtoinvest MMC-dəki payı yoxdur.
Sitat.info Modern.az-a istinadən xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bunu “BIR-Analytic” və “Contur.Focus” Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin məlumatları sübut edir.
“Kamaz” nizamnamə kapitalı ilə bağlı yeni məlumat dərc etməyib. 2023-cü ildə əsas səhmdarlar “Rostech” Korporasiyası (47,1%), “Autoinvest” (23,54%) və “Daimler AG” (15%) şirkətləri olub.
Qeyd olunur ki, 2024-cü il oktyabrın 17-dək Ruben Vardanyan “Autoinvest” şirkətinin 15%-nə sahib olub. Həmin gündən Dmitri Artyakov eyni payı idarə etməyə başlayıb. Nikolay Timoxinin “Autoinvest”də 50%, “Kamaz”ın baş direktoru Koqoqinin 35% payı var.
Xatırladaq ki, Ruben Vardanyan 2022-ci ilin sentyabrında qanunsuz yolla Xankəndiyə yerləşmiş və orada separatçı rejimin qondarma “dövlət naziri” təyin edilmişdi. O, 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra həbs edilərək Bakıya gətirilib.
Bir neçə gün öncə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb.
Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, ötən müddətdə bir sıra beynəlxalq təşkilatlar və xarici media qurumları Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” olmuş Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış edib. Ruben Vardanyanı 14 ilə qədər həbs gözləyir.