Rusiya prezidenti Vladimir Putinin təbii qazla bağlı addımı Almaniyanı şoka salıb. Bavariya İqtisadiyyat naziri Aivanger etiraf kimi açıqlama verərkən, alman şirkətinin qərarı müzakirələrə səbəb olub.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, fevralın 24-ü səhər saatlarında başlayan hücumdan sonra ABŞ və Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib və Ukraynaya silah yardımı etməyə başlayıb.
Bunun üzərinə Rusiya prezidenti Putin “Dost olmayan ölkələrə qaz satarkən rus rublunun istifadəsinə keçməyi planlaşdırırıq” sözləri ilə təbii qaz satışında yeni dövrü rəsmən açıqlayıb.
Ötən günlərdə Bolqarıstan və Polşaya qaz nəqlini dayandıraraq Avropaya ultimatum verən Putin Almaniyanın həyəcan siqnalı verməsinə səbəb olub.
Bavariyanın iqtisadiyyat naziri Aivanger xəbərdarlıq edib ki, Almaniya dövləti qışdan əvvəl təcili olaraq öz imkanlarını artırmalıdır.
"British Express" qəzetində verilən məlumata görə, Salzburq yaxınlığındakı Haidach qaz anbarı demək olar ki, boşdur.
Almaniyanın ən böyük enerji şirkətlərindən biri olan Uniper Rusiyanın tətbiq etdiyi ödəniş üsulunu qəbul etməyə hazır olduqlarını açıqlayıb.
Uniper təbii qaz üçün avro ilə pulu "Qazprom"un İsveçrə bankı "Qazprombank"a yatıracağını və bu pul daha sonra Rusiyadakı başqa hesabda rubla çevriləcəyini bildirib.
Bu qərar qısa zamanda ölkədə müzakirələrə səbəb olsa da, sosial mediada da gündəm olub. Bəzi istifadəçilər bu inkişafı “Rəsmi olaraq Putinə baş əydilər” kimi şərh ediblər.
Avropanın əsas qaz tədarükçülərindən biri olan Norveçin ən böyük qaz və neft istehsalçılarından biri olan Vaar Energy hazırda hasil edə biləcəyi ən yüksək həcmi istehsal etdiyini və qısa müddətdə bunu artıra bilməyəcəklərini açıqlayıb. 2020-ci ildə Rusiyadan sonra Avropaya ən çox qaz tədarük edən ölkə Norveç olub.
Safura BƏNNAYEVA
SİTAT.İNFO