Prezident İlham Əliyev istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sitat.info Axar.az-a istinadən sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi tanınmış beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, habelə səmərəliliyin artırılması, bərpa olunan enerji mənbələrindən bu məqsədlə istifadə, xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərini 9 (doqquz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 9 (doqquz) ay müddətində:
2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. enerji resurslarından səmərəli istifadə edilməsi və tikinti obyektlərində optimal istilik təchizatı sistemlərinin tətbiqi məqsədilə isti su və istilik təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların hazırlanmasını və ya təkmilləşdirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. Azərbaycan Respublikasının Energetika Nazirliyinin təklifləri əsasında “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.