“Rusiyanın işğalçı qüvvələri Ukraynanın Xarkov şəhərinə nəzarət etmək niyyətlərindən hələ də əl çəkməyiblər”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Con Kirbi bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri son günlərdə rəqibi Xarkov vilayətinin mərkəzindən uzaq məsafəyədək çıxarmağa nail olub: “Ukraynalılar Xarkovu hələ ki əldə saxlaya bilirlər. Onlar şəhəri heç vaxt verməyiblər. Rusiyalılar orada heç bir irəliləyişə nail ola bilməyiblər.
Rusiyanın Xarkovu işğal etmək istədiyini düşünürük. Çünki onlar Xarkovu sakit buraxmayıblar. Xəritəyə baxsanız Donbasın şimal-qərbində böyük sənaye şəhərinin yerləşdiyini görərsiniz. Belə çıxır ki, Rusiyanın Xarkovla bağlı planı var”.
Ağ evin mətbuat katibi Cen Psaki də Rusiyanın planlarının uğrusuzluğundan danışıb. O deyib ki, Moskva Ukraynaya müdaxilə edən zaman nəzərdə tutduğu planlar uğursuzluğa düçar olub. Mətbuat katibinin sözlərinə görə, Kreml Ukraynanın əhəmiyyətli hissəsini, o cümlədən ölkənin şimalını işğal etməyi planlaşdırırdı: “Rusiya Prezidenti Vladimir Putin Kiyevin küçələrində parad keçirə bilmir. Onlar bu ölkənin ərazi bütövlüyü və suverenliyini işğal edə bilməyib. Rusiya NATO-nu parçalamağı bacarmadı”.