Ötən gün “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.
Xəbər verdiyimiz kimi, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən Azərbaycan Respublikasının digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib. Buraxılış məntəqələrinin ikisi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində yerləşir: Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi) və Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi). Həmçinin Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi) və Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi) müəyyənləşib.
Bəs görəsən, bu buraxılış məntəqələrinin açılması Ermənistanla Azərbaycan arasında əlaqələrin bərpasına hazırlıq deməkdirmi? Belə olan halda Laçın dəhlizinin taleyi necə olacaq?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Azərbaycan aprel ayının sonunda Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrinin sayını və ərazilərin siyahısını dərc etdi, indi isə Ermənistanla bağlı olan 2 buraxılış məntəqəsinin Qubadlı rayonu ərazisindəki Eyvazlı, Zəngilan rayonun Qazançı kəndi ərazisində olan məntəqələri bu siyahıya əlavə edildi: " Digər buraxılış məntəqələri isə Füzuli Beynəlxalq Hava limanı və Zaqatala hava limanı ilə əlaqədardır.
Bu siyahıların dərc olunması onu göstərir ki, artıq dövlət sərhədində mövcud olan Qubadlı və Zəngilan rayonu ərazisindəki Qazançı keçid məntəqələri fəaliyyətə hazırdır. Onlardan beynəlxalq dəhliz kimi istifadə olunması mümkündür".
Hərbi ekspertin fikirlərinə əsasən, Laçın dəhlizi və ya onun alternativi Rusiya sülhməramlıların fəaliyyəti üçün nəzərdə tutulan bir yoldur və bu yolun fəaliyyət müddəti də bundan sonra 3 il yarım çəkəcək: " Bundan sonra əgər Azərbaycan sülhmərmalıların qalması müddətini uzatmazsa, nəzarət ordumuzun nəzarətinə keçəcək. Laçın dəhizi isə həmin buraxılış məntəqələri ilə birbaşa əlaqədədir. Əvvəl buradan İran maşınlarının keçməsini nəzərə alsaq, buranın əvvəldən fəaliyyət göstərdiyini, lakin indi siyahıya alındığını göstərir. Laçın dəhlizinin alternativi hazırlanır və bundan sonra Ermənistan-Azərbaycan, Gürcüstan-Azərbaycan arasındakı qanuni daşımalar yeni hazırlanan dəhliz vasitəsilə həyata keçiriləcək".
Safura Bənnayeva
SİTAT.İNFO