Putin 9 may paradında hansı mesajlar verəcək? 

11:37 9 May 2022

Rusiya Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin 77-ci ildönümünü qeyd etməyə hazırlaşarkən prezident Putinin çıxışı səbirsizliklə gözlənilir.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, mayın 9-da Qızıl Meydanda keçiriləcək ənənəvi paradda Ukraynanın işğalı səbəbindən bu il əvvəlki illərə nisbətən daha az tank və ağır silahlar görünəcək. Bununla belə, Putinin burada “qiyamət günü” xəbərdarlığı ilə Qərbə meydan oxuyacağı gözlənilir. 

Qərbin görünməmiş sanksiyalarından geri qalmayan Putin Ukraynadakı müharibəni 1941-ci ildə nasist işğalı zamanı Sovet İttifaqının üzləşdiyi çətinliklərə bənzədir. 
Rusiya Müdafiə Nazirliyi bu il “Qiyamət təyyarəsi” adlanan İl-80 komanda təyyarəsinin Müqəddəs Vasiliy kilsəsi səmasında uçacaq qırıcılara, həmçinin səsdən sürətli təyyarələrə və strateji Tu-160 təyyarələrinə qoşulacağını açıqlayıb.Yüksək texnologiya ilə təchiz edilmiş İl-80 mümkün nüvə müharibəsində Rusiya prezidentinin “komanda mərkəzi” kimi dizayn edilib. 
Fevralın 24-də Ukraynaya hücumu elan etdiyi gün verdiyi açıqlamada Putin İkinci Dünya Müharibəsinə toxunaraq deyib: “Ölkəmizin heç bir müdafiə sistemi olmadığından nasist Almaniyasının hücumunu bütün gücü ilə belə  dəf etməyə hazır deyildi. Düşməni dayandırmaq və onu darmadağın etmək sonradan mümkün oldu, lakin çox baha başa gəldi. Böyük Vətən müharibəsi astanasında olan təcavüzkarı sakitləşdirmək cəhdi xalqımız üçün baha başa gələn səhv idi. Hərbi əməliyyatların ilk aylarında nəhəng, strateji əhəmiyyətli torpaqlarımızı, milyonlarla insanımızı itirdik, bu səhvi iki dəfə etməyəcəyik, buna haqqımız yoxdur”. 

Putin niyə keçmişə istinad edir?

 İkinci Dünya Müharibəsində ən çox əziyyət çəkən ölkə Sovet İttifaqı idi. Rusiya prezidenti Putin hesab edir ki, Qərb Sovet İttifaqının o vaxtkı qələbəsini lazımi səviyyədə qiymətləndirmir və buna görə də son illərdə 9 May Qələbə Gününə xüsusi önəm verir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bayram tədbirləri 11 min əsgərin və 100-dən çox hərbi maşının nümayişini əhatə edəcək. Rusiya böyük bir güc nümayişi etməyə hazırlaşsa da, analitiklər Ukraynaya müdaxilənin Rusiyanın zəif tərəflərini ortaya qoyduğunu düşünürlər. Analitiklərin fikrincə, məsələn, Rusiya Ukraynada istədiyi sürətlə və miqyasda qələbə qazana bilmədi və Rusiya iqtisadiyyatı uzun illərdən sonra sanksiyalara görə ciddi daralma ilə üz-üzədir. Müharibə minlərlə insanın ölümünə səbəb olmaqla yanaşı, milyonlarla insanı da didərgin salıb.

Mayın 9-u ərəfəsində Putinin Qələbə günündə Ukraynaya tam gücü ilə müharibə elan edəcəyi ilə bağlı şayiələr yayılmağa başladı, lakin Kremlin sözçüsü Peskov bu şayiələri “cəfəngiyyat” adlandırıb. Putinin Qırmızı Meydandakı çıxışının məzmunu məlum deyil. Keçən ilin eyni günündəki çıxışında o, Qərbdə artan “anti-Rusiya əhval-ruhiyyəsi”nə diqqət çəkmişdi.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti