Rusiya Federasiyasında bu gün keçirilən paradın hava hissəsi hava şəraitinə görə deyil, bəzi şəhərlərdə Rusiya təyyarələrini yolda Ukrayna HHM-ləri “qarşılaya bildiyi” üçün ləğv edilib.
Bu barədə Ukrayna Milli təhlükəsizlik və müdafiə şurası (MTMŞ) yanında Dezinformasiyaya qarşı mübarizə mərkəzi məlumat yayıb.
Qeyd etmək lazımdır ki, Rusiyanın mayın 9-da Moskva, Yekaterinburq, Novosibirsk, Samara, Rostov-na-Donu və digər iri şəhərlərində də keçirilən paradlarda döyüş təyyarələrinin nümayişi olmayıb.
Ukrayna qurumu təyyarələrin paradının ləğvinin məhz hava şəraiti ilə əlaqələndirilməsinə şübhə ilə yanaşıb. Çünki 2020-ci ildə Rusiya mediasının özü RF-nin hərbi aviasiya uçuşlarının təhlükəsizliyi üçün “buludların dağıdılmasına” 540 milyon rubldan çox xərclədiyini yazmışdı. Ötən il isə bu məbləğ 417 milyon rubl təşkil edib.
Ukrayna MTMŞ-sının gəldiyi qənaətə görə, uçuşların ləğv olunmasında əsas səbəb bəzi şəhərlərdə Rusiya təyyarələrinin “yolda” Ukraynanın zenit-raket sistemləri ilə “qarşılaşa” bilməsi ehtimalı olub.
“Bu səbəbdən pis hava şəraiti sadəcə olaraq manipulyasiyadan başqa bir şey deyildir. 500 milyon rublu belə bir gün üçün xərcləmək Putinə problem sayılmazdı. Nəzərə almaq lazımdır ki, Ukraynada aparılan “xüsusi hərbi əməliyyat” Rusiyaya hər gün 500 milyondan 20 milyard dollara qədər başa gəlir”.press.az