Bu gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün xüsusi sorğunun cavablarının ikinci hissəsini təqdim edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
“Bu gün biz Avropa İttifaqına gedən yolda çox vacib bir addım atdıq. Ukrayna hər bir ölkənin doldurmalı olduğu xüsusi sorğu anketinə cavabların ikinci hissəsini təqdim edib.
Bunun üçün adətən aylar sərf olunur. Amma biz hər şeyi bir neçə həftə ərzində etdik", - deyə prezident bildirib.
O, bu sənədin minlərlə səhifədən ibarət olduğunu vurğulayıb.
"Və bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Avropaya inteqrasiyamız haqqında söhbətimiz oldu. Xanım Ursula qeyd etdi ki, rəsmilərimizin sürətinə heyran qalıb. Anketi doldurdu”, - deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, Ukraynanın Aİ-yə namizəd statusu alması ilə bağlı iyunda müsbət cavab alacağını gözləyir.
Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün sənəd imzalayıb.
Martın 18-də Zelenski Avropa Komissiyasının prezidenti ilə söhbətindən sonra AK-nın üzvlük müraciəti ilə bağlı rəyinin bir neçə ay ərzində hazırlanacağını açıqlayıb.