Putinin savaş müxbirləri də etiraf edir: Rus ordusu Donbasda ilişib, nailiyyət yoxdur!

17:39 10 May 2022

Ukraynada rus işğalçılarının öz tərəflərinə çəkdiyi  jurnalist, Kremlin təbliğatçısı Aleksandr Sladkov Rusiya ordusunun Donbasda irəliləməsinin dayandığını bildirib. Müharibə müxbiri kimi tanınan, “Rossiya-1” televiziyasının müxbiri Sladkov  paylaşdığı videoda Ukrayna və rus əsgərlərinin əlbəyaxa döyüşdüyü Donbasda işğalçıların hələ də yerində dayandığını etiraf edib.
Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı işğalın biabırçı şəkildə davam etdiyini bildirən rus təbliğatçısı,  rus qoşunlarının ukraynalıları cəbhə xəttindən sıxışdırıb çıxara bilməyəcəyini bildirib.

SİTAT.İNFO xarici mediaya istinadən bildirir ki, Rusiyanın rəsmi kanalı üçün konfliktləri izləyən Aleksandr Sladkovun əvvəlki verilişlərindən fərqli olaraq, son videosunda nitq tonunun dəyişdiyi nəzərə çarpırdı. 

Maraqlıdır ki, Rusiya mətbuatında digər məşhur təbliğatçılar da rus ordusuna qarşı tənqidləri artırıblar.  Kremlin mediada ən güclü səslərindən biri olan Vladimir Solovyov Ukraynadakı işğalçı qoşunlara silah çatdırılmasının gecikməsini biabırçılıq kimi qiymətləndirib.
Rusiya televiziyası tərəfindən tez-tez ekranlaşdırılan istefada olan polkovnik Mixail Xodaryonok əksik hərbi texnika və təcrübəsiz əsgərlərlə  münaqişələrin taleyinin dəyişdirilə bilməyəcəyini bildirib. 

Britaniyanın "Daily Mail" qəzeti hətta Rusiyanın rəsmi mediasının Donbasdakı vəziyyəti açıq şəkildə tənqid etdiyini yazıb.
İşğal bitməmiş paytaxt Kiyevdən geri çəkilməli olan Rusiya ordusu 2014-cü ildən bəri atışmaların dayanmadığı Donbasın daim diqqət mərkəzində olacağını rəsmən açıqlayıb.

Kiyev və Çerniqovdan çıxarılan rus qoşunlarının çoxu Donetsk və Luqanskda separatçıların nəzarətində olan bölgələrə yerləşdirilib və Moskva üçün işğalın ikinci mərhələsi başlayıb.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti