Prokuror iş adamı Ceyhun Həsənovun gecə klubundakı qətlə görə ağır cəza istədi- Şahbazov narazıdır

12:35 11 May 2022

Bakıda məşhur iş adamı Ceyhun Həsənova məxsus "Beerlin Pub"da müştərini döyərək öldürən mühafizəçi Orxan Şahbazova ağır cəza istənilib.
 
Sitat.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə prokuror çıxış edib. Prokuror Orxan Şahbazovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O.Şahbazov ifadəsində deyib ki, əvvəlcə mərhum Vüqar Mustafayevlə birgə gələn dostunun ayağında corab olmadığı üçün onları obyektə buraxmayıb. Daha sonra isə məkana xanımla birgə gəlmədikləri üçün onları obyektdən kənarlaşdırmağa çalışıb. Nəticədə tərəflər arasında yaranan mübahisə ölümlə nəticələnib.

O.Şahbazov Vüqar Mustafayevi qəsdən öldürmədiyini bildirib: "Bir ildir "Vətən-N" mühafizə xidmətində işləyirəm. 10 gün olardı ki, xidmətin alay komandiri Emil İsgəndərov məni və Elşən Quliyevi "Beerlin Pub"a işləməyə göndərdi. Hər gün saat 7-dən 12-yə kimi obyektdə mühafizəni təşkil edirdik. Kafenin müdiri mənə demişdi ki, səliqəsiz geyimdə olan, corabsız başmaq geyinən, problem yaratmağa meyilli olan və içəri dolu olduğu halda rezervsiz gələn müştəriləri obyektə buraxmayım. Hadisə günü də Vüqar 2 dostu ilə birlikdə pub-a gəldi. Dostu Ramil corab geyinməmişdi, buna görə də onu içəri buraxmadım. Ramil digər dostu Valehin corabını geyindikdən sonra onları obyektə buraxdım.

Amma 4-5 dəqiqə sonra gördüm ki, mühafizəçi Elşən həmin 3 nəfəri çölə çıxarır. Elşən sakitcə mənə dedi ki, menecer Sevinc xanım deyir ki, Vüqargilin rezerv etdiyi stol başqasına verilib, hazırda boş yer yoxdur. Elşən dedi ki, onlar yanlarında xanım olmadan gəldikləri üçün içəri buraxmayım".

Bundan sonra Orxan Şahbazov həmin üç dosta vəziyyəti izah edərək "pub"ı tərk etmələrini tələb edib: "Dedim ki, "üzrlü hesab edin, sabah sizi yüksək səviyyədə qarşılayarıq". Lakin aralarından Valeh Muxtarov əsəbi və jarqonlarla danışmağa başladı. Dedi ki, "biz rezerv edib gəlmişiksə, deməli oturacağıq", ardınca üstümə gəlib "ə sən "bık" zadsan?" ifadəsini işlətdi. Mən Valehə iradımı bildirsəm də, o, yenə kobud danışmağa davam etdi. Mən də əsəbiləşib onun sifətinə yumruqla vurdum. Daha sonra arxa tərəfdən kimsə çiynimə toxundu. Ani olaraq arxaya çevrilib Vüqarı gördüm və onun məni vuracağını düşünüb Vüqarın sifətinə yumruqla vurdum. Onun yerdə yıxılıb qaldığını görüb nəsə olacağından qorxdum və oradan uzaqlaşdım. Səhəri gün günorta Bakı Şəhər Baş Polis İdarəsinə gedib könüllü təslim oldum".
Orxan Şahbazov özünü təqsirli bilməyib. Zərbənin təsirindən Vüqarın arxaya gedib dibçəyə dəyəcəyini və pilləkənin başından aşağı yıxılacağını düşünmədiyini deyib.

Həbs edilən şəxs ona istənilən cəzadan narazı qalıb. Bildirib ki, məqsədi mərhumu öldürmək olmayıb. O, mərhum və onun dostu tərəfindən təhqir edildiyini söyləyib.

Qeyd edək ki, Orxan Şahbazov ötən il avqustun 29-da "pub"a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O.Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub. Bundan başqa, Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib. Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.

Mərhum Vüqar Mustafayev Təhsil Nazirliyində 21 il  Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur. 
sitat.info



Xəbər xətti