“Çöldə etiraz edənlər müxalifət deyil, əvvəlki status-kvoya qayıtmaq istəyən fermerlərdir”.
Sitat.infoTeleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Levon Şirinyan deyib.
Onun sözlərinə görə, müxalifət ölkədə daimi qeyri-sabit vəziyyət yaratmağa çalışır.
Şirinyan müxalifətin İrəvanda keçirdiyi etiraz aksiyalarını “iğtişaş” adlandırıb:
“Ermənistanın hər yerində keçirilən nümayişlər iğtişaşlardır. Onlar çevriliş etmək üçün əllərindən gələni edəcəklər. Bu məsələ ən qısa zamanda bağlanmalıdır. Onlar istəyirlərsə, qoy “Hrazdan” stadionuna getsinlər, orada nə qədər istəyirlər qışqırsınlar, bağırsınlar. Küçələr bağlanmamalıdır. Hakimiyyət ölkədə sabitliyi təmin etmək üçün hər şeyi etməlidir”.
Politoloq deyib ki, hakimiyyət etirazçılara qarşı daha da sərt olmalıdır:
“Çünki yarımmüharibə şəraitində olan ölkədə belə bir durum yaxşı heç nəyə gətirib çıxarmayacaq. İnsanlar bütün bunlardan beziblər. Əvvəlcə inqilab, sonra koronavirus, daha sonra müharibə… Ölkə necə salamat qalacaq? Hakimiyyətin uğuru xalqın onun yanında olmasıdır. Amma küçələrdə insanlara tüpürürlər (müxaliflər), döyürlər, bu ölkənin təhlükəsizliyi hardadır? Asayiş bərqərar olmalıdır, polis bu aksiyaları su şırnaqları ilə dağıtmalıdır”.
Şirinyan müxalifətin Ermənistanın imicini yerlə yeksan etdiyini bildirib:
“Hakimiyyət demokratik ölkənin reputasiyasını qorumaq istəyir, amma müxalifət bunu başa düşmür. İndiki imicimiz daha pisdir. Hansı iş adamı ölkədə baş verənləri görəndə bura sərmayə qoymaq istəyər? Vəziyyət qeyri-sabitdir, müxalifət bizə iqtisadi baxımdan da ziyan vurur”.
Levon Şirinyan Ermənistan müxalifətin məqsədinə çatmayacağını – hakimiyyət dəyişikliyinin baş verməyəcəyini söyləyib:
“Onlar sadəcə özləri üçün qışrıqıb-bağırırlar. Hakimiyyət dəyişikliyini istisna edirəm”.