"Son günlər baş verən hadisələr Rusiyanın mövqeyində müəyyən dəyişmələrin və tərəddüdlərin olduğunu göstərir. Bu da bir sıra məqamlarla bağlıdır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq, Hüquqi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.
O bildirib ki, ilk olaraq, Rusiya tərəfi Ukraynada bu şəkildə müqavimət gözləmirdi:
"Rusiya ordusunun uğur qazanacağı ilə bağlı gözləntilər özünü doğrultmadı. Qərb Ukraynaya bütün istiqamətlərdə ciddi dəstək göstərdi. Rusiya rəhbərliyi bu qədər güclü dəstəyi də gözləmirdi. Qərbin Ukraynanın xeyrinə silah, humanitar, maddi, siyasi- diplomatik dəstəklərindən əlavə, ciddi informasiya təbliğatı aparmasının da şahidi oluruq. İdman və mədəni yarışlarda da Qərb Ukraynanın xeyrinə təbliğat aparır.
Rusiyanın mülki obyektləri vurmamasına rəğmən, Rusiyanın mülki insanlara hücum etməsi ilə bağlı informasiyalar artıb. Bu tip informasiyaların artması ukraynalılarda ruslara qarşı ciddi qəzəb yaradıb. Bu amil Rusiyanın Ukraynanı işğal etsə belə, orda çox qala bilməyəcəyi ilə bağlı məqamı ortaya qoydu".
Politoloq vurğuladı ki, Rusiya Ukrayna ərazisində qalsa, bu çox böyük maddi və əsgər itkisi hesabına başa gələcək: "Ukraynada partizan müharibələrinin geniş vüsət alacağını gördülər. Bütün bunlara görə, Rusiya Türkiyədə aparılan danışıqların fonunda müəyyən güzəştlərə getməyə hazır olduğunu bildirdi. Baş verən proseslər Ukraynanın bu razılaşmaya müsbət yanaşmadığını göstərdi. Dünya gücləri Ukrayna tərəfini Rusiya ordusunun üstünə getməyə təşviq edirlər. Düşünürəm ki, Rusiya əvvəl özünün təsiri altında olan Donetsk, Luqansk, Krım kimi bölgələrdə və yeni tutduğu ərazilərdə möhkəmlənməyə çalışacaq".
X. Bəşirovun sözlərinə görə, Putinin əsas təzyiq rıçağı əlindən çıxa bilər: "Qarşıdan yay gəlir. Rusiyanın Avropaya qaz təyziqinin önəmi azalır. Baş verən proseslərin hansı məcrada davam edəcəyini tam şəkildə demək mümkün deyil. Hər an vəziyyət dəyişə bilər" .
Politoloq hesab edir ki, bu vəziyyətdə ən düzgün mövqe tutan dövlət Türkiyədir: "Türkiyə Ukraynanın ərazi bütövlüyünün qorunması şərti ilə münaqişənin səngiməsinin, sülh danışıqlarının aparılmasının tərəfdarıdır. Təəssüflər olsun ki, Türkiyənin bu mövqeyinə ciddi şəkildə dəstək göstərən digər tərəflərin şahidi olmuruq. Xüsusilə, Türkiyənin NATO-dakı müttəfiqləri bu prosesdə maraqlı görünmürlər. Avropadan ciddi dəstək alan Ukrayna təsirə düşərək sonuna qədər müharibəyə davam edir. Hər bir halda istənilən an hadisələrin məcrası dəyişə bilər. Vəziyyət daha da gərginləşə bilər".
Ləman Şərifzadə
SİTAT.İNFO