Ermənistan XİN Azərbaycanla keçiriləcək görüş barədə anons versə də, o, baş tutmadı. Bu ondan xəbər verir ki, Azərbaycan hazırki şəraitdə müzakirələrin aparılmasında maraqlı deyil. Çünki Ermənistan ordusu demək olar ki, hər gün intensiv şəkildə dövlət sərhədində atəşkəsi pozur.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan XİN rəhbəri Mirzoyanın 16-17 mayda Moskvada delimitasiya və sərhəd təhlükəsizliyinə dair ikitərəfli görüşün təşkili ilə bağlı razılaşma əldə olunduğunu deməsinə rəğmən, hər hansı görüşün olmamasının səbəbindən danışarkən deyib.
O bildirib ki, Bakının heç cür razılaşmayacağı təkliflər irəli sürən, üstəlik sərhəddən təxribatlara əl atan İrəvanla hansısa normallaşma prosesindən danışmaq, sülhün təmin olunması və sərhədlərin delimitasiyası ilə bağlı fəaliyyəti davam etdirmək mənasız görünür:
“Baş verənlər Azərbaycana danışıqlar və 10 noyabr bəyanatından birtərəfli şəkildə çəkilmək hüququ verir. Bu, 2020-ci ilin 9 noyabrında olan vəziyyətə qayıtmaq deməkdir. Vəziyyətin sözügedən istiqamətdə dəyişməsinin Ermənistan üçün nəticələrini isə Paşinyan hökuməti və revanşistlər təxmin etmirlər, dəqiq bilirlər. Çünki Ordumuzun qabağından İrəvana qədər qaçanların içərisində indi “revanşist” kimi meydana çıxanlar da yetərincədir”.