Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar daha kəskin şəkil alıb. “Sputnik Armenia”ya nın yaydığı məlumata əsasən, vitse-spiker İşxan Saqatelyanın başçılıq etdiyi etirazçılar qrupu şəhərin Komitas prospekti ilə Amiryan küçəsinin kəsişməsini bağlayıb. “Müqavimət” hərəkatının üzvləri Paşinyanın istefası tələbi ilə İrəvanın Nor-Nork və Avan istiqamətlərindən İrəvanın mərkəzinə doğru irəliləyir. İndi əsas sual budur ki, həmin aksiyaların tətikləyicisi hansı qüvvədir və Paşinyanı devirmək gücünə malikdirmi?
Mövzu ilə bağlı SİTAT.İNFO açıqlama verən siyasi şərhçi Turan Rzayev bildirdi ki, Ermənistanda baş verən etiraz aksiyaları Paşinyan hakimiyyətini devirəcək gücdə deyil: “Bu etirazlar onu göstərir ki, müxalifət xüsusilə də keçmiş "Dağlıq Qarabağ respublikası" prezidentləri, nazirləri və digərlərinin cəmiyyətdə əvvəlki nüfuzları yoxdur. Paşinyan isə 44 günlük müharibədə məğlub olmasına baxmayaraq sonrakı seçimlərdə də əzmkar qələbə qazandı və bu gün də hakimiyyətdədir”.
Turan Rzayev qeyd etdi ki, Paşinyana Qərb dəstək verir, bununlada Paşinyanın hakimiyyəti müxalifətdən daha güclüdür: “Paşinyanın Putinlə görüşünün nəticəsində hadisələrin səngiyəcəyi gözlənilsə də, tam olaraq bu müşahidə olunmadı. Etirazlar hələ də səngiməyib. Həm də Paşinyanla Putin arasında da narazılıqlar mövcuddur. Fikir ayrılıqları da etirazların artmasına gətirib çıxarıb. Hazırda Ermənistanda daxili sabitliyi pozan əsas qüvvə Rusiyadır. Rusiya Qərbin Paşinyan simasında sabitləşməsi və günü-gündən gücünün artırması ilə barışa bilmir. Xüsusilə də problemin həllində Qərbin sərgilədiyi konstruktiv mövqe Kremli daha çox qıcıqlandırır. Rusiya başa düşür ki, Ermənistan-Azərbaycan arasında mövcud münaqişə davam etdiyi müddətdə Rusiyanın ölkələrə təsir imkanı olacaq.
Bu ölkələr arasında yekub sülh müqaviləsi imzalansa daha çox Qərbə inteqrasiya edəcəklər və Rusiyanın təsir imkanları, Cənubi Qafqazdakı nüfuzu günü- gündən azalacaq. Buna görə də indi Ermənistandakı sabitliyin pozulmasına əsas səbəb Rusiyadır. Rusiya Ermənistandakı sabitliyin pozulmasını və Paşinyanın Azərbaycanın tələblərini yerinə yetirə bilməməsini istəyir”.
Siyasi şərhçinin fikirlərincə, Paşinyanın hazırkı arqumenti odur ki, birbaşa hər şeyə hazır olsa müxalifət xalqın dəstəyini alıb ona qarşı çıxa bilər: “Bunlar köhnəlmiş etirazlardır və rəsmi Bakının mövqeyi sabitdir. Ermənistan Rusiya ilə razılaşmaya getsə, bu dəfə Bakının reaksiyası ilə üzləşəcək. Nəzərə almaq lazmdır ki, Azərbaycan müharibə mövzusunu hər zaman gündəmdə saxlayır və bu hələ də aktualdır.
Proseslər indiki məqamda bir neçə gün davam edəcək, amma, hadisələr yekunlaşacaq. Müxalifətin güclü bir dəstəyi yoxdur. Paşinyan da bir müddət əvvəl ordu daxilində Qarabağ klanının mövqeyini zəiflətdi. Bu həm də Rusiyanın mövqeyinin zəifləməsi idi. Bu baxımdan indi Paşinyana qarşı formalaşacaq bir qüvvə yoxdur. Çünki, Paşinyan xalq içəridindən çıxan və inqlab nəticəsində hakimiyyətə gələn bir şəxsdir. Ən əsası da Qərbin, Sorosun başlıca adamıdır. Onun maliyyəsi ilə hakimiyətə gələn biri əks inqilabla, keçmiş rejim tərəfindən devrilməsinə Qərb icazə verməyəcək. Paşinyan hakimiyyəti indi rəsmi Bakı üçün də uyğundur. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını Rusiya istəmir. Daxildə çaxnaşmaların olmasına daha çox meyillidir. Bunun isə səbəbi də bəllidir.
Bu faktorlara görə Paşinyanın gücü ilə müxalifət gücü arasındakı fərq ciddi şəkildə görünməkdədir”.
Safura Bənnayeva
SİTAT.İNFO