Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar yenidən bərpa olunub. “Sputnik Armenia”yanın yaydığı məlumata əsasən, vitse-spiker İşxan Saqatelyanın başçılıq etdiyi etirazçılar qrupu şəhərin Komitas prospekti ilə Amiryan küçəsinin kəsişməsini bağlayıb.
“Müqavimət” hərəkatının üzvləri Paşinyanın istefası tələbi ilə İrəvanın Nor-Nork və Avan istiqamətlərindən İrəvanın mərkəzinə doğru irəliləyir.
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçi Turan Rzayev bildirdi ki, Ermənistanda baş verən etiraz aksiyaları tam olaraq səngiməyib, ancaq etirazlar ilk gündəki qədər çoxluq təşkil etmir: “Bu etirazlar onu göstərir ki, müxalifət xüsusilə də qondarma Dağlıq Qarabağ respublikası prezidentləri, nazirləri və digərlərinin cəmiyyətdə əvvəlki nüfuzları yoxdur.
Məsələn Paşinyan 44 günlük müharibədə məğlub olmasına baxmayaraq sonrakı seçimlərdə də əzmkar qələbə qazandı və bu gün də hakimiyyətdədir”.
Turan Rzayev qeyd edir ki, Paşinyana Qərb dəstək verir, bununla da onun hakimiyyəti müxalifətdən daha güclüdür: “Paşinyanın Putinlə görüşünün nəticəsində hadisələrin səngiyəcəyi gözlənilsə də bu, müşahidə olunmadı. Etitazlar hələ də səngiməyib. Həm də Paşinyanla Putin arasında narazılıqlar mövcuddur. Fikir ayrılıqları da etirazların artmasına gətirib çıxarıb.
Hazırda Ermənistanda daxili sabitliyi pozan əsas qüvvə Rusiyadır. Rusiya Qərbin Paşinyan simasında sabitləşməsindən və günü-gündən gücünü artırrması ilə barışa bilmir, xüsusilə də problemin həllində Qərbin sərgilədiyi konstruktiv mövqe Kremli daha çox qıcıqlandırır. Rusiya başa düşür ki, Ermənistan-Azərbaycan arasında münaqişə davam etdiyi müddətdə bu ölkələrdə təsiri olacaq.
Bu ölkələr arasında yekun sülh müqaviləsi imzalansa daha çox Qərbə inteqrasiya edəcəklər və Rusiyanın təsir imkanları və Cənubi Qafqazdakı nüfuzu günü-gündən azalacaq. Buna görə də indi Ermənistandakı sabitliyin pozulmasına əsas səbəb Rusiyadır və Rusiya Ermənistandakı sabitliyin pozulması və Paşinyanın Azərbaycanın tələblərini yerinə yetirə bilməməsini istəyir”.
Siyasi şərhçinin fikirlərinə əsasən, Paşinyanın hazırkı arqumenti odur ki, birbaşa hər şeyə hazır olsa, müxalifət xalqın dəstəyini alıb ona qarşı çıxa bilər:
“Bunlar köhnəlmiş etirazlardır və Paşinyanın etirazlarını əsaslandırmır. Rəsmi Bakının mövqeyi sabitdir. Ermənistan Rusiya ilə razılaşmaya getsə, bu dəfə Bakının reaksiyası ilə üzləşəcək. Nəzərə almaq lazmdır ki, Azərbaycan müharibə mövzusunu hər zaman gündəmdə saxlayır və bu hələ də aktualdır.
Proseslər indiki məqamda bir neçə gün davam edəcək, amma, hadisələr yekunlaşacaq. Müxalifətin güclü bir dəstəyi yoxdur. Paşinyan da bir müddət əvvəl ordu daxilində Qarabağ klanının mövqeyini zəiflətdi. Bu, həm də Rusiyanın mövqeyinin zəifləməsi idi. Bu baxımdan indi Paşinyana qarşı formalaşacaq bir qüvvə yoxdur.
Çünki Paşinyan xalq içərisindən çıxan və inqlab nəticəsində hakimiyyətə gələn bir şəxsdir. Ən əsası da Qərbin, başlıca Sorosun adamıdır. Onun maliyyəsi ilə hakimiyətə gələn biri əks inqilabla, keçmiş rejim tərəfindən devrilməsinə icazə verməyəcək. Paşinyan hakimiyyəti indi rəsmi Bakı üçün də uyğundur. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını Rusiya istəmir. Daxildə çaxnaşmaların olmasına daha çox meyillidir. Bunun isə səbəbi də bəllidir.
Bu faktorlara görə Paşinyanın gücü ilə müxalifət gücü arasındakı fərq ciddi şəkildə görünməkdədir”.
Safura Bənnayeva